...

Azərbaycan İrana qondarma rejimin olimpiadada təmsil olunması ilə bağlı mövqeyini çatdıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2016 12:18 (UTC +04:00)
Azərbaycan XİN Tehranda keçirilən 48-ci erməni olimpiadasında separatçı Dağlıq Qarabağ rejiminin təmsil olunmasına münasibət bildirib.
Azərbaycan İrana qondarma rejimin olimpiadada təmsil olunması ilə bağlı mövqeyini çatdıracaq

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın paytaxtı Tehranda keçirilən 48-ci erməni olimpiadasında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsil olunmasına münasibət bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə məlumatı var: "Azərbaycanın İrandakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini İranın müqabil dövlət orqanlarına çatdırmaqdadır.

Bildirmək istərdik ki, İran islam Respublikası həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq həllini dəstəkləyir".

Qeyd edək ki, Tehranda yerləşən "Ararat" klubunda 48-ci erməni olimpiadasının açılış mərasimində Tehranın erməni pravoslav yeparxiyasının nümayəndəsi arxiyepiskop Sebuh Sarkisyan, Ermənistanın İrandakı səfiri, İranın Ermənistandakı səfiri, İran Milli Olimpiya Komitəsinin prezidenti Kiamərz Haşimi, İran Prezidentinin milli və dini azlıqlarla iş üzrə müşaviri Əli Yunisi və Ermənistan atletləri iştirak ediblər.

10 günlük oyunlar çərçivəsində İran, Ermənistan və Gürcüstandan olan 800 erməni atletin 9 idman növü üzrə yarışacağı olimpiadada Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim də təmsil olunub. Erməni idmançıların geyimində "Artsax" yazısı və separatçı rejimin bayrağı əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti