Bakı. Elçin Mehdiyev - Trend:
Ötən gündən hümuanitar atəşkəs elan olunmasına baxmayaraq, təcavüzkar Ermənistan tərəfi atəşkəs rejimini kobud şəkildə pozmaqda, həm cəbhə xətti boyunca, həm də mülki əhalini və infrastrukturu raket atəşinə tutmaqda davam edir. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputat vurğulayıb ki, Gəncə, Mingəçevir və digər şəhər və rayonlarımızda gecə yarısı Azərbaycanın mülki əhalisini yatdığı yerdə raket atəşinə tutmaq erməni barbarlığının, vandalizminin növbətı təzahürüdür:
“Ermənilərin bu vəhşiliyinin adı yoxdur. Mənfur düşmən yenə öz çirkin ənənəsini davam etdirərək əhalini məhz gecə yarısı atəşə tutur. Qaniçən düşmən Xocalı soyqırımını da məhz gecə yarısı törətmişdi və eyni ssenari ilə bu gün də xalqımıza qarşı soyqırım siyasətini davam etdirir.
Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaların raket atəşinə tutulması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 6 azyaşlı olmaqla 34 nəfərdən çox insan yaralanıb. Hələ dağıntılar altında axtarışlar aparıldığı üçün ölən və yaralananların sayının artacağı istisna deyil.
Ermənistanın bu əməli açıq terror və beynəlxalq cinayətdir. Bu təkcə müharibə cinayəti deyil, eyni zamanda insanlıq əleyhinə törədilən ən ağır cinayətdir. İnsan nə qədər vəhşi və nə qədər vicdansız olmalıdır, nə qədər insanlıq hissini itirməlidir ki, yatan uşağın üstünə raket atsın. Bu, dünyada misli görünməyən bir vəhşilikdir, barbarlıqdır. Bu vəhşiliyi anlamaq belə mümkün deyil.
Bu hadisələr bir daha göstərdi ki, terroru dövlət siysətinə qaldıran Ermənistan nəinki region, bütün dünya üçün böyük təhlükə yaradır. Ermənistan üçün qanun, hüquq, insanlıq anlayışı yoxdur. Dünya birliyi, beynəlxalq təşkilatlar Ermənistanın bu vandallığına seyrçi qalmamalıdır, erməni terroru dayandırmalıdır, əks-halda bunu Azərbaycan ordusu edəcək, necə ki, son 10 gün ərzində edirdi”.