Böyük Britaniyanın "İnternational Alert" təşkilatı Dağlıq Qarabağda sülh prosesinə yardım proqramı çərçivəsində növbəti dəfə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarını bir araya gətirərək konfrans keçirəcək. Bu barədə Trend ə "İnternational Alert" təşkilatının Bakı Resurs Mərkəzinin üzvü, D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib.
O bildirib ki, həmin konfransla bağlı avqustun 15-dən sonra məlumatlar açıqlanacaq, Bakı Resurs Mərkəzi mətbuat konfransı keçirəcək. N.Cəfəroğlunun sözlərinə görə, "İnternational Alert" təşkilatı Dağlıq Qarabağın hər iki icmasını bir araya gətirir, eyni zamanda konfransda Azərbaycan və Ermənistandan olan qeyri-hökumət təşkilatları da iştirak edə bilərlər. N.Cəfəroğlunun sözlərinə görə, tədbirin bu formatda təşkili Dağlıq Qarabağın üçüncü tərəf kimi təqdim olunması anlamına gəlməməlidir: "Çünki bu təşkilat Dağlıq Qarabağın həm azərbaycanlı, həm erməni icmasının bir araya gətirir, onların hər ikisinə bərabər hüquqlu tərəflər kimi yanaşır. Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması dövlətin də mövqeyidir. "İnternational Alert" təşkilatının fəaliyyəti Azərbaycanda rəsmi dairələrə də məlumdur və gizli iş görülmür".
N.Cəfəroğlunun sözlərinə görə, Böyük Britaniyanın "İnternational Alert" təşkilatı azərbaycanlı və erməni icmaları ilə işləyir, sülh prosesinə yardım məqsədilə onları bir-biri ilə görüşdürür.
Qeyd edək ki, Böyük Britaniyanın "İnternational Alert" təşkilatının bu kimi tədbirləri Azərbaycanda bir sıra Qarabağ yönümlü təşkilatlar tərəfindən etirazla qarşılanır.