...

GUAM XİN rəhbərləri Nyu-Yorkda görüşəcəklər

Siyasət Materials 25 Sentyabr 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Sentyabrın 27-də Nyu-Yorkda BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" xarici işlər nazirləri şurasının dördüncü toplantısının keçirilməsi planlaşdırılır.

GUAM katibliyindən bildirilib ki, bu barədə qərar sentyabrın 20-21-də Milli Koordinatorların Bakıda keçirilən toplantısında qəbul olunub.

Katiblikdən onu da bildiriblər ki, Nyu-Yorkda BMT sessiyasında iştirak çərçivəsində GUAM-ABŞ və GUAM-Polşa formatlarında görüşlər keçiriləcək.

BMT Baş Assambleyasının 62-ci sessiyasında dünya təhlükəsizliyi və inkişafı üçün dondurulmuş münaqişələrin nəticələri, silahlı toqquşmaların qarşısının alınması və Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.

GUAM baş katibi Valeri Çeçalaşvili daha öncə Trend ə bildirmişdi ki, BMT Baş Assambleyasının müzakirəsinə çıxarılacaq məsələlərə sentyabr ayında baxıla bilər. GUAM ərazisindəki dondurulmuş münaqişələr - Dnestryanı (Moldova), Dağlıq Qarabağ, Gürcü-Abxaz münaqişəsi barədə qətnamə layihəsi 2006-cı ildə hazırlanaraq BMT Baş Assambleyasının gündəliyinə daxil edilmişdi. Bu məsələni GUAM nümayəndələrinin özləri gündəlikdən çıxarmışdılar.

GUAM formatı postsovet ölkələri tərəfindən 1997-ci ildə Strasbuqrda Avropa İttifaqı dövlət başçılarının sammitində MDB-yə alternativ olaraq yaradılıb. 1999-cu ildə Özbəkistan formata daxil olsa da, 4 il sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə keçirilən ilk sammitdə GUAM-ı yeni - "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat-GUAM" adı altında beynəlxalq təşkilat elan etmək barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti