...

Müxalifət partiyaları hesab edir ki, seçki komissiyalarının paritet formalaşdırılması reallaşa bilər

Siyasət Materials 8 Oktyabr 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bir neçə müxalifətçi partiyanın təmsil olunduğu Məşvərət qurumu hesab edir ki, Azərbaycanda seçki komissiyalarının iqtidarla müxalifət arasında bərabər (paritet) blünməsinə nail olmaq mümkündür. Bu barədə Məşvərət qurumunda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev bazar ertəsi açıqlama verib.

O bildirib ki, Məşvərət qurumu Seçki Məcəlləsinə təkliflər layihəsi hazırlayır. Məşvərət qurumu hesab edir ki, seçki komissiyaları paritet formalaşdırılmalı, seçici siyahıları daha şəffaf olmalı, yerli və beynəlxalq müşahidəçilərin hüquqları artırılmalı, səslərin təkrar sayılması həyata keçirilməli, seçki pozuntuları ilə bağlı şikayətlərə operativ qaydada baxılmalı, səsvermə prosesi KİV tərəfindən işıqlandırılmalı, həmçinin, proporsional seçki sistemi bərpa olunmalıdır.

Avropa Şurası Venesiya Komissiyasının və Azərbaycan hakimiyyətinin təşkilatçılığı, siyasi partiyaların iştirakı ilə noyabrın 9-da Bakıda Seçki Məcəlləsinin müzakirələrinə dair geniş toplantı keçiriləcək. Məşvərət qurumu hesab edir ki, həmin toplantıda aparıcı müxalifət partiyaları vahid mövqedən çıxış etsələr və bu məsələdə maraqlı olan beynəlxalq təşkilatlar öz tövsiyələrini imperativ qaydada qoysalar, seçki komissiyalarının paritet əsasında formalaşması reallaşa bilər.

Məşvərət qurumunun təkliflər layihəsi noyabrın 9-da keçiriləcək görüşdə müzakirəyə çıxarılacaq.

Məşvərət qurumunda müxalifətçi ADP, AMİP, ASDP, Müsavat, Tərəqqi partiyaları, "Azərbaycan Naminə İctimai Forum" təmsil olunur.

Hakim Yeni Azərbaycan Partiyası (YAP), Prezident Aparatının, Milli Məclisin rəsmiləri isə,seçki komissiyalarının paritet formalaşdırılmasının əleyhinədir və bunu mümkün saymırlar.

Xəbər lenti

Xəbər lenti