...

Ümid Partiyasının sədri: "Heç bir partiyanın hüququnu tapdalamaq olmaz"

Siyasət Materials 1 Noyabr 2007 15:20 (UTC +04:00)
Ümid Partiyasının sədri: "Heç bir partiyanın hüququnu tapdalamaq olmaz"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Xalq Cəbhəsi, Liberal, Müsavat və Demokrat partiyalarının Azərbaycanın seçki komissiyalarının formalaşdırılması ilə bağlı mövqeyi absurd və hüquqa ziddir. Parlamentdə təmsil olunan partiyaların hamısı seçki komissiyalarının formalaşdırılmasında iştirak etməlidir. Bu sözləri cümə axşamı Trend ə açıqlamasında müxalifəti təmsil edən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib.

"Müzakirələrdə həmin partiyalar müxalifət adından danışa bilməzlər. Heç bir partiyanın hüququnu tapdalamaq olmaz" Ağazadə deyib.

"Azadlıq" blokuna daxil olan partiyalar (Vətəndaş və İnkişaf, Xalq Cəbhəsi və Liberal partiyaları), Müsavat və ADP seçki qanunvericiliyinin dəyişdirilməsinə dair vahid mövqedən çıxış etmək barədə ötən gün razılığa gəliblər. Tərəflər seçki komissiyalarının tərkibinin iqtidarla müxalifət arasında paritet əsasda (bərabər) formalaşdırılmasını, komissiyalarda yerlərin tam yarısının iqtidar nümayəndələri, qalan yarısının ADP, Müsavat, ALP və AXCP-nin nümayəndələrindən ibarət olmasını təklif edirlər.

Ağazadə qeyd edib ki, ADP, Müsavat, ALP və AXCP-nin ortaya qoyduğu mövqenin arxasında başqa amillər dayanır: "Bu heç də dörd partiyanın ümumi razılığa gəlməsi və seçki komissiyalarının beş partiyanın nümayəndələrindən formalaşdırılması istəyi ilə bağlı deyil, sadəcə hadisələri qabaqlamaq cəhdidir. Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyətinin danışıqları alınmayıb. Venesiya Komissiyası seçki komissiyalarının iqtidar və müxalifət nümayəndələrinin iştirakı ilə paritet əsasda formalaşdırılması təklifini irəli sürüb və Azərbaycan hakimiyyəti bununla razılaşmayıb. Məsələnin bu hissəsi qapanmış hesab olunur. Ona görə də həmin müxalifət partiyaları Venesiya Komissiyası ilə özləri müzakirələr aparmaq istəyir ".

Xəbər lenti

Xəbər lenti