...

ADP sədri: "Partiyanın Konstitusiya ilə bağlı təklifləri referenduma çıxarılmasa, imzatoplama kampaniyası aparacağıq"

Siyasət Materials 12 Noyabr 2007 18:14 (UTC +04:00)
ADP sədri: "Partiyanın Konstitusiya ilə bağlı təklifləri referenduma çıxarılmasa, imzatoplama kampaniyası aparacağıq"

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifətçi Azərbaycan Demokrat Partiyası (ADP) 2008-ci ildə Azərbaycanda prezident seçkiləri ilə eyni vaxtda referendum keçirilməsi təşəbbüsü ilə əlaqədar, Konstitusiyaya əlavə və dəyişikliklər haqqında təklifini Milli Məclisə, Konstitusiya Məhkəməsinə, siyasi partiyalara təqdim edəcək. Bu barədə bazar ertəsi Trend ə ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.

Noyabrın 12-si Azərbaycanda Konstitusiya günüdür. ADP Konstitusiyaya əlavə və dəyişikliklərə dair hazırladığı təkliflər layihəsini məhz həmin gün ictimaiyyətə təqdim edib. Partiya, Konstitusiyaya dəyişikliklər edilərək, prezidentin səlahiyyətlərinin azaldılması, parlamentin səlahiyyətlərinin artırılmasını zəruri sayır.

Bu məqsədlə partiyanın hazırladığı təkliflər layihəsində Konstitusiyanın II fəslində əlavə olunur ki, "Azərbaycan dövləti siyasi, ideoloji müxtəlifliyi və çoxpartiyalılığı qəbul edir. Heç bir ideologiya hakim və mütləq ideologiya kimi qəbul edilə bilməz".

III fəslə əlavə olunur ki, "hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarından qabaqcadan icazə almadan dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəlmət hüququ vardır".

V fəslə əlavədə təklif olunur ki, Azərbaycan Milli Məclisinin say tərkibi 125 nəfərdən artırılsın, parlament seçkilərində deputatların 62-si majoritar, 188-i proporsional seçki sistemi üzrə seçilsinlər. Milli Məclis 166 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətli olsun.

Həmçinin, təklif verilir ki, parlament dövlətin iqtisadi və sosial proqramlarını qəbul etməli, Prezidentinin təqdimatı ilə Baş naziri, müdafiə nazirini, xarici işlər nazirini, baş prokuroru, Baş nazirin təqdimatıyla, Nazirlər Kabinetinin digər üzvlərini vəzifəyə təsdiq etməlidir. Parlament Nazirlər Kabinetinin istefasını qəbul etməli, hökumət üzvlərini vəzifəyə təsdiq və vəzifədən azad etməlidir. Həmçinin, Konstitusiya Məhkəməsinin hakimlərin 1/3-ni vəzifəyə təsdiq və ya vəzifədən azad etməli, Azərbaycan məhkəmələrinin hakimlərini ömürlük seçməlidir.

ADP Azərbaycan Nazirlər Kabinetinin tərkibinin parlament seçkilərində qalib gəlmiş siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən formalaşdırılmasını təklif edir.

ADP sədri bildirib ki, əgər parlament ADP-nin təkltiflərinin referenduma çıxarılmasına dair qərar qəbul etməsə, partiya referendumun baş tutması üçün əhali arasında imzatoplama kampaniyasına başlayacaq.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin, hakimiyyətlə dialoq qurulması ilə bağlı, yeni siyasi kursu qəbul edilib.

Xəbər lenti

Xəbər lenti