Fransa Azərbaycanla əlaqələrini möhkəmləndirəcəyinə ümid bəsləyir. Belə bir bəyanat Yelisey sarayında Fransa prezidenti Nikolya Sarkozinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü öncəsi verilib.
Fransa prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunub ki, hazırda Azərbayca iqtisadiyyatının artım templəri dünyada ən yüksəkdir: "2006-cı ildə müvafiq rəqəm 35 faizdən çox idi. Bu, əsasən energetika sahəsinə görə mümkün olub. Fransa Azərbaycanda, o cümlədən onun iqtisadiyyatındakı mövcudluğunu genişləndirməkdə maraqlıdır".
Fransa XİN-dən bildiriblər ki, görüş zamanı həmçinin Bakının Avropa Birliyi ilə münasibətləri, Cənubi Qafqazdakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri və digər məsələlər müzakirə olunacaq. Fransa Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk qrupu çərçivəsində bu münaqişənin çözülməsi üçün səylər göstərir.
Rəsmi Parisin fikrincə, həmsədrlərin Azərbaycan və Ermənistanın XİN başçıları ilə mütamadi görüşləri Qarabağ münaqişəsinin siyasi nizamlanmasının gələcək konturlarını çızmağa imkan yaradıb. Bu fəaliyyət müxtəlif aspektləri nəzərdən keçirməyə imkan verib. Bunların arasında Dağlıq Qarabağın statusu, məcburi köçkünlərin yurd-yuvalarına geri dönməsi, təhlükəsizlik təminatları, ərazilərin bərpası və iki ölkə arasındakı münasibətlərin normallaşması kimi məsələlər var.