Azərbaycan, Bakı, 10 yanvar / Trend ,müxbir K. Zərbalıyeva/ Cəncədəki 2 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.
Bu barədə cümə axşamı Trend ə Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsindən məlumat verilib. Bildirilib ki, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasının rəis müavini Zahid Hüseynov 2 saylı İstintaq Təcridxanasına rəis təyin olunub.
Goranboyun Xanqərvənd kənd sakini, 27 yaşlı Rahib Zülfiqar oğlu Həşimov ötən həftənin cümə günü axşam saatlarında naməlum şəraitdə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanadan qaçıb.
Bu hadisədən sonra təcridxananın rəisi Firdovsi Niftəliyev və onun müavini İbrahim Məmmədov ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə tutduqları vəzifədən və ədliyyə orqanlarından xaric ediliblər.
Qaçan məhkum isə, çərşənbə axşamı hüquq-mühafizə orqanları tərəfindən Tərtər rayonu ərazisində həbs olunub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
Bu faktla bağlı təcridxanada daxili təhqiqat aparılır.
Həşimov oğurluq və dələduzluqda ittiham olunaraq, ötən ilin avqustunda 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, İstintaq Təcridxanasında təsərrüfat briqadasında çalışıb.