...

Azərbaycanın müxalifət partiyası adını dəyişəcək

Siyasət Materials 25 Fevral 2008 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın müxalifət partiyası olan Milli Demokrat Partiyası adını dəyişəcək. "Partiya "Boz Qurd" adını yenidən bərpa edəcək və bu adla fəaliyyət göstərəcək",-deyə bazar ertəsi Trend ə açıqlamasında Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədr müavini Oqtay Xəlilov məlumat verib.

AMDP 1993-cü ildə yaradılıb və ilk adı "Boz Qurd" Partiyası olub. 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 1995-ci ildə Ali Məhkəmə partiyanın adının müvafiq olmadığını əsas gətirərək, "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999-cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb.

"Əvvəl Ədliyyə Nazirliyindən bildirirdilər ki, "Boz Qurd" adı ilə partiyanı dövlət qeydiyyatına ala bilməzlər. Problemi həll etmək üçün partiyanın adını dəyişdik. Lakin doqquz il keçsə də, Ədliyyə Nazirliyi yenə də müxtəlif bəhanələrlə partiyanı qeydiyyata almaqdan imtina edir. Ona görə də belə təkliflər var ki, əvvəlki adı bərpa edək", -deyə partiya rəsmisi əlavə edib.

Xəlilov qeyd edib ki, partiyanın əvvəlki adının bərpa olunması məsələsinə payızda keçiriləcək qurultayda baxılacaq. Qurultayın keçirilməsi üçün Təşkilat Komitəsi yaradılıb.

Üç min nəfər üzvü olan AMDP-nin 45 rayon və şəhərdə yerli strukturları mövcuddur.

Xəbər lenti

Xəbər lenti