Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir S.İlhamqızı, C.Babayeva/ Azərbaycanın müxalif Sosial-Demokrat Partiyası (ASDP) prezident seçkisində namizədi ilə iştirak edəcək. "Partiyanın yaz aylarında keçiriləcək qurultayında namizədin adı açıqlanacaq"- şənbə günü Trend a ASDP həmsədri Araz Əlizadə bildirib.
"Azərbaycan Naminə" İctimai Forumunun prezidenti Eldar Namazov şənbə günü Trend a bildirib ki, Rusiyaya həftə ərzinə etdiyi səfər zamanı ASDP-nin həmsədri eks-prezident Ayaz Mütəllibovla görüşüb və prezident seçkisi müzakirə edilib. Namazov seçkidə Mütəllibovun onun namizədliyini dəstəkləyəcəyi barədə sualı şərh etməyib.
Azərbaycanda növbəti prezident seçkisi oktyabrda keçiriləcək.
Əlizadə deyib ki, ASDP kənar namizədi dəstəkləməyəcək. O, Namazovun Mütəllibovla görüşü barədə məlumatsız olduğunu vurğulayıb.
ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə, Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.
1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Ayaz Mütəllibov ilk prezident seçilib. 1992-ci ildə Xalq Cəbhəsi Hərəkatının hakimiyyətə gəlişindən sonra ölkəni tərk edib, o vaxtdan indiyədək Rusiyada mühacirətdə yaşayır.
Eks-prezident Azərbaycanın Baş Prokurorluğunun ittihamı əsasında beynəlxalq axtarışa verilib. Mütəllibov dövlət çevrilişinə cəhd, qanunsuz silahlı dəstələrin yaradılması, hakimiyyəti zorla ələ almaq və digər ağır cinayətlər törətməkdə günahkar bilinir.