...

Azərbaycanın ən böyük şəhərlərindən birinin adı dəyişdiriləcək

Siyasət Materials 9 Aprel 2008 13:25 (UTC +04:00)
Azərbaycanın ən böyük şəhərlərindən birinin adı dəyişdiriləcək

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti yanında Toponomiya Komissiyası ölkənin 4-cü ən böyük şəhəri olan Əli Bayramlının adının dəyişdirilməsi haqqında qərar qəbul edib. Komissiyanın çərşənbə günü keçirilən iclasında Əli Bayramlının adının dəyişdirilməsi məsələsi müzakirə olunub.

Komissiya Əli Bayramlının adını dəyişdirilərək Şirvanla əvəzlənməsi haqqında tövsiyə verib. Məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.

Toponomiya Komissiyasının sədri, akademik Budaq Budaqov bildirib ki, Əli Bayramlı şəhər sakinləri, şəhər İcra Hakimiyəti rayonun adının dəyişdirilməsi ilə bağlı komissiyaya müraciətlər ediblər. Müraciətlərdə Əli Bayramlının Şirvan şəhəri adlandırılması xahiş olunur.

Əli Bayramlı şəhərindən seçilmiş deputat Azay Quliyev bildirib ki, şəhər 1931-ci ildə yaradılıb və Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan Əli Bayramovun adı ilə adlandırılıb: "Əli Bayramov Azərbaycan müstəqilliyi əleyhinə fəaliyyət göstərib, Azərbaycan Cümhuriyyətinin yıxılmasında fəal iştirak edib, Azərbaycanın dövlətçilik tarixində mənfi rol oynayıb. Ona görə Əli Bayramlı şəhərinin adı dəyişdirilməlidir".

Onun sözlərinə görə, şəhərin adının dəyişdirilməsi üçün keçirilən müzakirələrdə 15 mindən artıq şəhər sakini iştirak edib. Şəhərin adı ilə bağlı müxtəlif variantlar olsa da, sonda Şirvana üstünlük verilib.

Komissiya üzvü, deputat Nizami Xudiyev Əli Bayramov haqqında səsləndirilən mənfi fikirlərə etirazını bildirib. O, Əli Bayramlının Şirvan adlandırılması ilə də razı olmadığını qeyd edib: "Mən təəssüf edirəm ki, sinəsində müstəqil Azərbaycanın bayrağını gəzdirən millət vəkili, Əli Bayramov haqqında belə danışır".

"Əli Bayramov Azərbaycanda müstəqil dövlətin yıxılmasında böyük rol oynayıb", - deyə deputat Gültəkin Hacıyeva Xudiyevin fikirlərinə etirazını bildirib.

Komissiyanın üzvü, akademik Teymur Bünyadov da Əli Bayramlının Şirvan adlandırılmasına etirazını bildirib.

Komissiya eyni zamanda Xanlar rayonunun adının dəyişdirilməsi məsələsini də müzakirə edib. Rayon sakinləri və rayon İcra Hakimiyyəti komissiyaya göndərdiyi müraciətdə rayonu Göy Göl adlandırmağı xahiş ediblər. Lakin komissiya rayonun Göy Göl adlandırılmasını qəbul etməyib və Cavadxan adlandırılmasını tövsiyə edib.

Goranboy rayonunun Tatarlı kəndinin Aşağı Səfikürd adlandırılması təklifi də qəbul edilməyib.

Xəbər lenti

Xəbər lenti