...

Yeni sentrifuqaların quraşdırılması barədə plan İran-MAQATE müzakirələrinə xələl gətirəcək - ekspertlər

Siyasət Materials 12 Aprel 2008 09:40 (UTC +04:00)
Yeni sentrifuqaların quraşdırılması barədə plan İran-MAQATE müzakirələrinə xələl gətirəcək - ekspertlər

Azərbaycan, Bakı, 11 aprel/ Trend , müxbir D.Xatınoğlu/ MAQATE Tehranın nüvə proqramına dair konkret məlumata malik olmadığı bir halda və mübahisələrin hazırkı gərgin vəziyyətində, İranın Nətənz stansiyasında yeni 6000 sentrifuqanın quraşdırılması barədə plan problemsiz ötməyəcək. "İranın beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının (TŞ) tələblərinə baxmayaraq yeni sentrifuqalar quraşdırması və nüvə planının icrasını sürətləndirməsi siyasi baxımdan ölkənin zərərinə olacaq" - deyə İran Parlamentin sabiq deputatı Əhməd Şirzad Trend a bildirib.

Aprelin 8-də İranda Milli Nüvə Texnologiyaları Günü qeyd olunub. Iran prezidenti həmin gün Nətənz stansiyasında çıxışı zamanı qeyd edib ki, 6000 yeni sentrifuqanın quraşdırılması ilə bağlı plan həyata keçiriləcək. İRNA agentliyinin məlumatına əsasən, Əhmədinejad bəyanatında bildirib ki, İran uranı zənginləşdirməyi dayandırmayacaq və nüvə proqramı ilə əlaqədar məsələni MAQATE-dən başqa heç kimlə müzakirə etməyəcək.

"Rəsmi Tehranın bu addımı BMT TŞ-nin ölkəyə qarşı daha sərt sanksiya qəbul etməsinə səbəb olacaq" - deyə nüvə texnologiyaları üzrə ekspert Şirzad cümə axşamı telefonla Tehrandan bildirib. "Baxmayaraq ki, Nətənz nüvə stansiyasında 300 yeni nəsil sentrifuqa (F2) artıq quraşdırılıb və 6000 sentrifuqanın quraşdırılması yalnız sözdə olan bir bəyanatdır, MAQATE-nin xəbəri olmadan İranın bu addımı atması problemli olacaq" - deyə Şirzad hesab edir. Onun fikrincə, sentrifuqaların işləyib-işləməməsinə əmin olmaq üçün ən azı 2 ay vaxt lazımdır. "Həmçinin, Əhmədinejad 6000 yeni sentrifuqanın quraşdırılması layihəsi barədə bildirsə də, onlar hələ quraşdırılmayıb və bu planın nə dərəcədə uğurla həyata keçiriləcəyi məlum deyil" - deyə Şirzad bildirib.

"Təhlükəsizlik Şurasının qərarlarına baxmayaraq İran uranın zənginləşdirilməsi ilə bağlı öz fəaliyyətini dayandırmayıb" - deyə MAQATE-nin mətbuat xidməti Trend a bildiriblər.

"Bundan əlavə, İran yeni nəsil sentrifuqaları hazırlamağa başlayıb. İran həmçinin IR-40 reaktorunun tikintisini və ağır sular istehsalı üzrə zavodun istismarını davam etdirir" - deyə mətbuat xidmətindən bu gün elektron poçtla bildiriblər.

MAQATE hesab edir ki, İran hazırkı nüvə proqramının miqyası və xarakteri ilə bağlı onlarda formalaşmış fikri möhkəmləndirməyi davam etdirməlidir. "İranın nüvə proqramının tamamilə sülh xarakterli olmasına əminliyi təmin etmək üçün Agentliyin nüvə materialı ilə bağlı zəmanət verməsi mühümdür. Agentlik hazırda İranda həyata keçirilən nüvə fəaliyyəti barədə heç bir konkret məlumata malik deyil. Bu o səbəbdəndir ki, İranda uzun illər nüvə fəaliyyəti gizli şəkildə aparılıb" - deyən MAGATE-nin mətbuat xidməti əlavə edib ki, məhz buna görə Təşkilatın Baş direktoru Məhəmməd al-Beradei İranı təkidlə nüvə proqramının sülh xarakterli olmasına dair etibarı möhkəmləndirmək üçün zəruri tədbirlər həyata keçirməyə çağırır.

Şirzadın fikrincə, İranda uran ehtiyatı çox azdır və ölkə daxilində zənginləşdirilmiş uran yanacağının istehsal olunması mümkun deyil. "Uranın zənginləşdirilməsi İranın texnika sahəsində inkişafına səbəb olmayacaq. Həmçinin, İranın nüvə stansiyaları uranı yalnız 4% zənginləşdiriməyə qadirdir, zənginləşdirməklə bağlı 20%-dən artıq layihə isə hələ sınaqdan keçirilməyib. Bunların hamısı İranın nüvə sənayesinin inkişafına mane olan faktlardır" - deyə Şirzad bildirib .

MAQATE-nin məlumatına əsasən, 2003-cü ildə İran 2005-ci ilin sonuna qədər 60 000-dən çox sentrifuqanın zənginləşdirilməsini planlaşdırdığını Agentliyə bildirmişdi, lakin uran ehtiyatları olmadığı üçün bu layihəni həyata keçirə bilməmişdi. 2008-ci il iyunun 2-dən 6-dək keçiriləcək növbəti görüşdə MAQATE-nin Baş direktoru hazırda istifadə olunan sentrifuqaların miqdarı və növləri barədə məruzə ilə çıxış edəcək.

Indiyədək BMT Təhlükəsizlik Şurası İranın uranın zənginləşdirilməsi planına qarşı üç sanksiya tətbiq edib. Qərb İranı nüvə silahı istehsal etməkdə günahlandırır. Rəsmi Tehran isə nüvə proqramının sülhməramlı olduğunu bildirərək, ölkəyə qarşı yürüdülən ittihamları rədd edir.

Xəbər lenti

Xəbər lenti