...

Bakının mərkəzində Nuru Paşanın heykəlinin açılışı olacaq

Siyasət Materials 29 Aprel 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir S.İlhamqızı, M.Əliyev/ Qafqaz İslam Ordusunun komandanı, general-mayor Nuru Paşanın Bakının Sahil bağında heykəlinin qoyulması gözlənilir. Bu barədə Trend a Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc məlumat verib.

O bildirib ki, Türkiyə prezidenti Abdullah Gülün ötən ilin noyabrında Azərbaycana səfəri zamanı iki ölkə prezidentlərinin imzaladığı bəyannamədə Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycana gəlişi və Bakının işğaldan azad etməsinin 90-cı ildönümü ilə bağlı bənd yer alıb. Bu bəndə əsasən, ildönümün təntənəli qeyd olunması, müxtəlif tədbirlər həyata keçirilməsi nəzərdə tutulub.

Bakının işğaldan azad olunmasında xüsusi rolu olmuş Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün onun Azərbaycan paytaxtında heykəlinin qoyulması ilə bağlı Türkiyə səfirliyi Azərbaycan rəhbərliyinə təklif verib.

Səfirin sözlərinə görə, hökumət təklifi müsbət qarşılayıb və bu layihə Azərbaycan tərəfindən həyata keçiriləcək. Səfir bildirib ki, Nuru Paşanın heykəlinin açılış mərasimi isə bu il sentyabrın 15-də olacaq. Açılış mərasimində Türkiyə tərəfindən ən yüksək səviyyədə rəsmi şəxslər iştirak edəcəklər.

"Açılış törənində Türkiyənin cümhurbaşqanı Abdullah Gülün də iştirakı mümkündür, yaxud baş nazir qatıla bilər. Bu, böyük layihədir və yüksək səviyyədə açılış mərasimi olacaq"-deyə səfir qeyd edib.

Abidənin qoyulacağı yerə gəldikdə isə, diplomat bildirib ki, səfirlik Azərbaycan prezidenti İlham Əliyevə müraciətində Bakının Sahil bağını təklif edib: "Biz səfirlik olaraq heykəlin qoyulacağı yerin "26-lar bağı" olmasını təklif etmişik. Çünki Nuru Paşa Azərbaycan xalqı ilə məhz həmin yerdə görüşmüşdü. Biz oranı məqsədəuyğun görürük, hələlik bu təklifə bir cavab almamışıq, amma güman edirəm ki, yaxın zamanda cavab olacaq"-deyə Kılıc bildirib.

Mustafa Kamal Nuru Paşa 1918-ci ilin mayında Azərbaycana gələrək Qafqaz İslam Ordusunun milli hərbi qüvvələrinin yaradılmasında və təşkilatlanmasında, Azərbaycana qardaş türk hərbi qüvvələrinin vaxtında gətirilməsində, nəhayət, Azərbaycanın işğalçılardan təmizlənməsində böyük rol oynayıb. Nuru Paşanın qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək bir-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq işğal altında olan Azərbaycan torpaqlarını bolşevik-daşnak birləşmələrindən təmizləyıib və həmin ilin 15 sentyabrında Bakını azad edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti