Azərbaycan, Bakı, 29 may/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Ermənistanda mövcud vəziyyətlə bağlı fövqəladə müzakirələr keçiriləcək. "AŞPA Ermənistandakı vəziyyətdən narahatdır və qurumun Bürosu yay sessiyasında Ermənistanla bağlı növbədənkənar müzakirələrin aparılması haqda qərar qəbul edib", - deyə cümə axşamı Trend -a telefonla İsveçin paytaxtı Stokholmdan AŞPA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Cümə axşamı İsveçin paytaxtı Stokholmda AŞPA Bürosunun iclası keçirilib.
AŞPA-nın apreldə keçirilən yaz sessiyasında da Ermənistanla bağlı fövqəladə müzakirələr keçirilib. Qurum Ermənistanda keçirilən prezident seçkilərindən sonra yaranmış vəziyyəti müzakirə edərək, bir sıra tövsiyyələr irəli sürüb. AŞPA-nın qərarına əsasən, Ermənistan hakimiyyəti prezident seçkilərindən sonra həbs olunan müxalifət nümayəndələrini azadlığa buraxmasa və Avorpa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsə, bu ölkənin AŞPA-dakı nümayəndə heyəti səsvermə hüququndan məhrum ediləcək. Qətnamədə qeyd olunub ki, Ermənistan Avropa Şurasının tələb və tövsiyyələrini yerinə yetirməsə və müəyyən bir irəliləyiş olmasa, Monitorinq Komitəsi AŞPA-nın iyun sessiyasında bu ölkənin nümayəndə heyətinin səsvermə hüququnun dondurulması məsələsini araşdırmalıdır.
Ermənistanda keçirilən prezident seçkilərindən sonra baş verən hadisələrin əks olunduğu "Ermənistanda demokratik institutların fəaliyyəti" adlı 11579 saylı hesabatı fransali deputat Jorj Colombye ve britaniyali Con Preskot hazırlayıblar.
Fevralın 19-da Ermənistanda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası hakimiyyətin namizədi, o vaxtkı Baş nazir Serj Sərkisyanın 52,25% səs toplayaraq qalib gəldiyini açıqlayıb. Müxalifətin əsas namizədi olan eks-prezident Levon-Ter Petrosyanın tərəfdarları bununla razılaşmayaraq, fasiləsiz aksiyalara başlayıblar. Dinc nümayişlər martın 1-dən 2-nə keçən gecə hüquq-mühafizə orqanları tərəfindən xüsusi qəddarlıqla dağıdılıb. On nəfər qətlə yeririlib, yüzlərlə adam yaralınıb və həbs olunub.
"AŞPA-nın yay sessiyasından əvvəl həmməruzəçilər Ermənistana səfər edəcəklər. Son qərar həmməruzəçilərin Ermənistana səfəri başa çatandan sonra veriləcək. Amma Büro yay sessiyasının ücüncü günü Ermənistanla bağlı fövqəladə müzakirələrn keçirilməsini təsdiqləyib", -deyə Seyidov əlavə edib.
Büro AŞPA-nın yay sessiyasının ikinci günündə Azərbaycanın öhdəlikləri üzrə dinləmələrin keçirilməsini də təsdiqləyib.
AŞPA-nın yay sessiyası iyunun sonunda Strasburqda keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]