...

Azərbaycanın hakim partiyası öz namizədi ətrafında blok yaratmağı nəzərdən keçirmir

Siyasət Materials 15 İyul 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) öz namizədi ətrafında blok yaratmağı nəzərdən keçirmir. "YAP kıfayət qədər geniş resurslara malikdir və seçki kampaniyasını uğurla həyata keçırə biləcəyik", - deyə çərşənbə axşamı Trend -a YAP sədrinin müavini və partiyanın icra katibi Əli Əhmədov bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın 15-də keçirilməsi nəzərdə tutulur. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər. Müxalif Vəhdət və Tərəqqi partiyaları da İlham Əliyevi müdafiə etmək barədə qərar verəcəklərini bildiriblər. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib. Blokun Məclisində bu bəyanat müzakirəyə çıxarılıb, yekun qərar veriləcək.

Əhmədovun sözlərinə görə, bir sıra ictımai təşkılatlarla yanaşı, vaxtilə müxalifət mövqeyində dayanan partiyaların da İlham Əliyevin namizədliyini dəstəkləməsi onu göstərir ki, sözün həqiqi mənasında hakim partiyanın namizədini xalqın mütləq əksəriyyəti dəstəkləyir. Bunun nəticəsidir ki, seçkilərdə İlham Əlıyevə səs vermək marağında olduqlarını açıq şəkildə bəyan edirlər. "Bu kifayət qədər əhəmiyyətli bir məqamdır. Bu məqam onu göstərir ki, Azərbaycanın mövcud prezidenti xalqın böyük əksəriyyəti tərəfindən müdafiə olunur. Eyni zamanda, onun qarşıdan gələn seçkidə iştirakı dəstəklənir. O ki qaldı, İlham Əliyevi dəstəkləyən təşkilatların fəaliyyətinin koordinasiyasına, hesab edirəm ki, YAP kifayət qədər geniş resurslara malikdir. Seçki kampaniyasını aparmaq imkanları bizim partiyada kıfayət qədər genişdir və bu kampaniyanı uğurla həyata keçirə biləcəyik. İlham Əliyevin namizədliyini dəstəkləyən təşkilatlara YAP öz minnətdarlığını ifadə edir və bundan sonra da ifadə edəcək. Onlar öz sözlərini seçki kampaniyası və səsvermə zamanı bildirəcəklər və onlar Azərbaycan xalqının mütləq əksəriyyətinin səsinə öz səslərini qatmış olacaqlar", - deyə Əhmədov bildirib.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti