...

Bakıda baş verən qanlı insidentlə bağlı dəstə tutulub

Siyasət Materials 8 Avqust 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir S.Kazımlı/ Bakının Yasamal rayonunda baş verən qanlı insidentlə bağlı dörd nəfər tutulub.

Yasamal rayon Prokurorluğundan cümə günü Trend -a verilən məlumata görə, avqustun 5-də saat 22:50 radələrində Bakının Yasamal rayonu, Qırmızı Şərq küçəsi 134 ünvanında yerləşən binanın qarşısında Habil İntiqam oğlu Abdullayevə odlu silahla atəş açaraq onu yaralayan Bakı sakini Cəmil Müzəffər oğlu Ələkbərov, hadisənin digər iştirakçıları Hüseyn İntiqam oğlu Abdullayev, Həsən İsmayıl oğlu Abdullayev və Zülfüqar Müzəffər oğlu Ələkbərov saxlanılıblar.

Rayon Prokurorluğundan bildiriblər ki, C.Ələkbərov Azərbaycanın Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29, 120.1) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1) maddələri ilə, digər saxlanılan şəxslər isə Azərbaycanın Cinayət Məcəlləsinin xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə (221.3) maddəsi ilə təqsirləndirilərək barələrində cinayət işi başlanılıb, istintaq aparılır.

Rayon Prokurorluğundan əlavə ediblər ki,araşdırma zamanı məlum olub ki, münaqişə avtomobil dayanacağında maşın saxlamaq üstündə baş verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti