...

Azərbaycanın hakim partiyası prezident seçkisi ilə bağlı əhalinin rəyini öyrənib

Siyasət Materials 19 Avqust 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Tr , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn prezident seçkiləri ilə bağlı əhali arasında rəy sorğuları keçirib. "Biz ümumi əhval-ruhiyyəni bilirik. Keçirdiyimiz rəy sorğularının nəticələrinə əsaslanaraq deyə bilərik ki, bizim irəli sürdüyümüz namizəd və eyni zamanda xalqın böyük əksəriyyətinin müdafiə etdiyi İlham Əliyev mütləq səs çoxluğu ilə qələbə qazanacaq", çərşənbə axşamı Trend -a YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək niyyətində olan 14 iddiaçının - Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim) Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi), "Mədəniyyət" qəzetinin məsləhətçisi Teymur Quliyevin və "Ekspertiza" qəzetinin baş redaktoru Süleyman Quliyevin, Xalq Cəbhəsi Partiyasınını Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəylinin prezidentliyə namizədliyini təsdiqləyib.

Namizədlərin arasından indiyə qədər yalnız hakim partiya namizədin qeydiyyatı üçün tələb olunan ən azı 40 min imzanı toplayaraq MSK-ya təqdim edib. MSK-nın ötən həftənin şənbə günü keçirilən iclasında İlham Əliyevin namizədliyi qeydə alınıb.

Qurbanlı bildirib ki, hakim partiya namizədinin qələbə qazanacağına əmin olsa da, seçki ilə bağlı geniş plan hazırlayıb. "Bizim seçki kampaniyası ilə bağlı geniş planlarımız var və onların həyata keçirilməsi istiqamətində işlərimizi görməkdəyik. Partiyanın seçkiləri müşahidə edəcək üzvləri və başqa bu kimi məsələlərlə bağlı işlərimizi yekunlaşdırmışıq. Seçki kampaniyası müəyyənləşdirdiyimiz qrafik üzrə gedir. Seçki Məcəlləsinin verdiyi hüquqdan istifadə edərək seçki kampaniyası dövründə müxtəlif tədbirlər keçirəcəyik", - deyən Qurbanlı hakim partiyanın təşviqat dövründə tətbiq edəcəyi yeniliklər barədə isə danışmaq istəməyib.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti