...

Azərbaycanın solçu partiyasının funksioneri istefa verib

Siyasət Materials 19 Avqust 2008 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir E.Babayev/ Solçu Azərbaycan Sosial Demokrat Partiyasından (ASDP) kütləvi istefaların baş verəcəyi gözlənilmir. "Seçkidə iştirakla bağlı məsələ müzakirə olunarkən yalnız Mərkəzi Komitənin üzvü Elşən Manafov seçkidə iştirakın tərəfdarı kimi çıxış edib", çərşənbə axşamı Trend -a ASDP həmsədri Araz Əlizadə bildirib.

ASDP-nin bazar ertəsi keçirilən Mərkəzi Plenumunun iclasında prezident seçkilərində öz namizədi ilə iştirak etməmək barədə qərar çıxarılıb. Qərar partiyada maliyyə probleminin olması ilə izah olunub.

ASDP-nin Mərkəzi Komitəsinin üzvü Elşən Manafov isə bu qərara etiraz olaraq çərşənbə axşamı partiyadan istefa verib. O, istefasının səbəbini partiyanın prezident seçkisində iştirak etməmək barədə qəbul etdiyi qərarı və partiyada avtoritarizmin yaranması ilə izah edib. Manafov bildirib ki, yaxın gələcəkdə o, yeni Solçu Demokrat Partiyası yaradacaq.

Əlizadə bildirib ki, şəxsən o özü də seçkidə iştirakın tərəfdarı olub. Ancaq partiyanın maliyyə durumu buna imkan verməyib. "Mərkəzi Plenumdakı müzakirələr zamanı Elşən Manafova bildirdik ki, maliyyənin olmadığı bir vəziyyətdə özünə inanıb seçkiyə qoşulmaq istəyirsə, partiya olaraq onun namizədliyini irəli sürək. Lakin o, bununla razılaşmadı", - deyən Əlizadə vurğulayıb ki, Manafovun partiyadan getməsini geniş şərh etmək niyyətində deyil. "ASDP azad partiyadır və istənilən şəxs bura üzv ola və ya partiyadan istefa verə bilər. Mən Elşən Manafova uğurlar arzulayıram və onun haqqında əlavə nəsə demək istəmirəm", - deyə o əlavə edib.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti