Gürcüstan, Tbilisi, 08 sentyabr / Trend müxbir N.Kirtsxaliya/ Rusiya HHQ-nin iki hərbi təyyarəsi sentyabrın 7-də saat 11:20-də Gürcüstanın hava məkanına daxil olub. Gürcüstan Xarici İşlər Nazirliyinin verdiyi xəbərə görə, hələ ki növləri təyin edilməyən təyyarələr 45 dəqiqə müddətində Tsxinvali və Şatili (Xevsuretiya regionu) ərazilərində uçublar.
Gürcüstan XİN Rusiya tərəfinin hərəkətləri ilə bağlı etiraz edir və belə faktların "Atəşkəs haqqında" tərəflər arasında imzalanan sənədi müzakirə edəcək Fransa və Rusiya prezidentlərinin görüşünə bir gün qalmış baş verməsi ilə əlaqədar təəccübləndiyini bildirir.
"Rusiya hərbi təyyarələrinin münaqişədən uzaq Şatili rayonunda uçması, RF-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyindən xəbər verir", - Gürcüstan XİN-in məlumatında bildirilir.
Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.
Rusiya birtərəfli şəkildə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]