...

Azərbaycanın müxalifət partiyası prezident seçkisi ilə bağlı mövqeyini müəyyənləşdirib

Siyasət Materials 1 Oktyabr 2008 13:53 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Milli -Demokrat Partiyası (AMDP) prezident seçkisi ilə bağlı mövqeyini müəyyənləşdirib.

"Partiya prezident seçkisini boykot etmiş müxalifət partiyalarına qoşulmur. Partiyanın üzvlərinə sərbəst olaraq dəstəklədikləri namizədə səs vermək azadlığı verilib", - deyə çərşənbə günü Trend -a AMDP sədri Tufan Kərimli bildirib.

Kərimli əlavə edib ki, partiya həmçinin prezident seçkisini müşahidə etmək niyyətindədir.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Azərbaycan Milli Demokrat Partiyasının dövlət qeydiyyatı olmadığından, öz namizədi ilə seçkiyə qatıla bilməyib. AMDP - nin dövlət qeydiyyatına alınmaması ilə bağlı şikayəti İnsan Haqları üzrə Avropa Məhkəməsi tərəfindən icraata götürülüb.

AMDP sədri partiyanın qeydiyyat məsələsi ilə əlaqədar bildirib ki, avqustda keçirilmiş qurultaydan sonra sənədlər qeydiyyat üçün təkrar olaraq Ədliyyə Nazirliyinə təqdim olunub. "Nazirlikdən bildirilib ki, sənədlər baxış mərhələsindədir və yaxın günlərdə cavab veriləcək", - deyə Kərimli əlavə edib.

Trend - un arayışı: AMDP 1993 - cü ildə yaradılıb və ilk adı "Boz Qurd" olub. 1994 - cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. 1995 - ci ildə Ali Məhkəmə, partiyanın adının müvafiq olmadığını əsas gətirərək, "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999 - cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb. Lakin Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almaqdan imtina edir. Partiyanın keçmiş sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov 1995 -2004- cü illərdə həbsdə olub. 15 il azadlıqdan məhrum edilmiş Həmidov 2004 - cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Bu ilin aprelində Həmidov partiya sədrliyindən istefa verib. O, istefasını partiyada sədrliyə layiq şəxslərin olması və onlara yol açmaq istəməsi ilə izah edib.

AMDP- nin avqustun 24 - də keçirilmiş nöbvbədəkənar IV qurultayında Böyük Məclis sədri Tufan Kərimli partiyanın sədri seçilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti