...

Azərbaycan NATO-nun "Virtual ipək yolu" layihəsinin Daşkənd iclasında iştirak edir

Siyasət Materials 2 Oktyabr 2008 11:36 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 02 oktyabr / Trend , müxbir T.Jukov/ NATO-nun "Virtual ipək yolu" (Virtual Silk Highway) telekommunikasiya layihəsinin reallaşdırılması üzrə Şuranın növbəti iclası cümə axşamı Daşkənddə öz işinə başlayıb.

Şuranın iclası Özbəkistanın Elmlər Akademiyası (EA) və NATO-nun elmi komitəsi tərəfindən təşkil olunub. EA-nın mətbuat xidmətindən Trend -a verilən məlumata görə, iclasda informasiya texnologiyaları sahəsi üzrə Özbəkistan, Azərbaycan, Ermənistan, Belarus, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Qazaxıstan, Niderland, Norveç, Polşa, Rusiya, Tacikistan, Türkmənistan və Türkiyədən olan mütəxəssislər, ekspert və alimlər iştirak edir.

NATO-nun "Virtual Silk Highway" elmi layihəsi Brüsseldə Şimali Atlantika Bloku qərərgahını Mərkəzi Asiya və Zaqafqaziya hərbi orqanlarının kompyuter sistemləri ilə birləşdirmək üçün nəzərdə tutulub.

"Özbəkistan "Virtual ipək yolu" layihəsi çərçivəsində Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə elmi şəbəkənin yaradılmasında fəal iştirak edir. Bu məqsədlə respublikada UzSciNet sistemi yaradılıb. O, ölkəmizin elm və mədəniyyəti ilə bağlı bütün informasiyaları özündə saxlayır. Bundan əlavə, bu sistem informasiya texnologiyaları sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılmasına yardım edir", - deyə açılışda Özbəkistan Elmlər Akademiyasının prezidenti Şavkat Salihov bildirib.

Üç gün davam edəcək iclas zamanı "Virtual ipək yolu" layihəsi çərçivəsində çoxtərəfli əməkdaşlıq, təcrübə və informasiya mübadiləsinin fəallaşdırılması məsələləri müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti