...

Türkiyə terror probleminin həlli üçün kürd əsilli vətəndaşları ilə anlaşmalıdır -səfir

Siyasət Materials 10 Oktyabr 2008 15:35 (UTC +04:00)

Azərbayan, Bakı, 10 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl hesab edir ki, Türkiyə üzləşdiyi terror problemini həll etmək üçün kürd əsilli vətəndaşları ilə anlaşma əldə etməlidir. "Türkiyə özünün kürd əsilli vətəndaşları ilə anlaşmalıdır, necə ki, İraq bunu edib. İraqda kürdlərə müəyyən hüquqlar veriblər", - bu barədə cümə günü Trend -a Ömər İsmayıl bildirib.

Trend - un arayışı: 1980 - ci illərdən başlayaraq, Şimali İraq və Cənub - Şərqi Türkiyə ərazisinda yaşayan kürdlər arasında separatçı meyllər artmağa başlayıb. Kürdlər arasında separatçı meyllərin Türkiyə ərazisində ortaya çıxması isə, "Kürd Fəhlə Partiyası" adı altında keçmiş Sovet İttifaqının köməyilə yaradılan PKK terror təşkilatının simasında özünü büruzə verib.

Şimali İraqın Türkiyə ilə sərhədindəki dağlarda məskunlaşan PKK 1980 - ci illərdən başlayaraq, Türkiyə ərazisində dinc sakinlərə və hərbi qüvvələrə qarşı tez - tez terror aksiyaları həyata keçirməyə başlayıb.

Türkiyə Silahlı Qüvvələrinin ilk dəfə 1986 - cı ildə Şimali İraqda PKK əleyhinə həyata keçirdiyi hərbi əməliyyatlar bu gunə qədər vaxtaşırı davam etdirilir. Türk silahlı qüvvələrinin PKK əleyhinə Şimali İraq ərazisinə birbaşa hərbi müdaxiləsi sonuncu dəfə 2008 - ci lin fevral ayında həyata keçirilib.

Bir necə gün əvvəl terrorçular Türkiyənin Şəmdilli rayonunda türk ordusunun postuna hücum ediblər və 17 türk hərbçisi həlak olub. Rəsmi Ankara hadisəyə görə İraqa nota verib. Türkiyə hesab edir ki, İraq öz ərazisinə nəzarəti bərpa etməli və terrorçuların qarşısını almalıdır.

Lakin Ömər İsmayıl deyib ki, İraq öz ərazisinə nəzarət edir.

"İraqın şimalında olan sərt dağlıq ərazilərə nəzarət etmək çətindir. Türkiyə bir il ərzində həmin dağlıq və sərt əraziləri tutmağa çalışdı, lakin buna nail ola bilmədi. Türkiyə ərazisində də belə dağlıq yerlər var və rəsmi Ankara da ora nəzarət edə bilmir",- deyə diplomat əlavə edib.

Ömər İsmayıl bildirib ki, terrorçular İraq və Turkiyə ərazisində kürd dövləti yarada bilməyəcəklər: "Bu mümkün deyil. Dövlət içində dövlət yaratmaq olmaz. İraqın şimalında Məsud Bərzaninin rəhbərlik etdiyi kürd admnisitrasiyası var. Lakin ora müstəqil dövlət deyil, İraq ərazisidir".

Səfir hesab edir ki, İraq və Türkiyə terror təşkilatı olan PKK - ya qarşı birgə mübarizə aparmalıdır.

Səfir deyib ki, terrorçular, əsasən, iki ölkənin sərhədində toplaşıblar: "Amma Türkiyə üçün təhlükənin İraq ərazisindən, yoxsa Türkiyənin içindən olması məlum deyil".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti