Azərbaycan, Bakı, 16 oktyabr / Trend müxbir T.Cəfərov / İran - Azərbaycan Parlament Dostluq Komissiyasının sədri seyid Kazım Musəvi bildirib ki, İranın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüyü dünya müsəlmanlarının hüquqlarının müdafiəsi və onların səsinin dünyaya çatdırılması məqsədilə irəli sürülüb.
İran parlamentinin nümayəndəsi və İran - Azərbaycan Parlament Dostluq Komissiyasının sədri Musəvi Trend - a bildirib ki, BMT TŞ - yə üzv olmaq təkcə İranın deyil, bütün müsəlman ölkələrinin, o cümlədən Azərbaycanın da haqqıdır.
Musəvi cümə axşamı Trend - a müsahibəsində bildirib ki, BMT TŞ dünya xalqlarının təhlükəsizliyinə təminatçı olmalıdır. "Biz BMT TŞ - yə müvəqqəti üzv olmağa, Qərb mediasında göstərildiyi kimi, o qədər də maraqlı deyilik. Lakin bu, bizim haqqımızdır və biz də mövqeyimizi bildirməliyik. Qərb ölkələri BMT TŞ - dən məqsədlərinə çatmaq vasitəsi kimi istifadə edirlər" - deyə Musəvi bildirib.
O bildirib ki, bəzi ölkələr müharibə edir və onların BMT TŞ - də "veto" hüququ olan müttəfiqləri də bunu sükutla qarşılayırlar. Bu cür davranışlar qanunsuz və məntiqsizdir.
BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı rolu və məsələnin həlli
Musəvi İranın nüvə proqramı ilə bağlı bildirib ki, hər bir ölkənin dinc məqsədlərə xidmət edən nüvə texnologiyasına sahib olmaq haqqı var. Əlbəttə, nüvə texnologiyası əldə etmək "ölüdürücü silah"a sahib olmaq demək deyil. "Əslində, Qərbin nüvə texnologiyası anlayışı , digər ölkələrə güc tətbiqi vasitəsi və kütləvi qırğınlar törətməklə məhdudlaşır, amma biz bunu qəbul etmirik", - deyə Musəvi bildirib.
Musəvi əlavə edib ki, İran uranın zənginləşdirilməsi potensialına malikdir və bu məsələ ilə BMT Təhlükəsizlik Şurası yox, MAQATE məşğul olmalıdır.
"Təhlükəsizlik Şurası qalmaqal yaradır, düzgün mövqedən çıxış etmir və İrana qarşı yaxın və uzaq ölkələrlə birgə ittifaqlar təşkil edir.
"MAQATE İranın uranı zənginləşdirilməsi proqramının dinc məqsədlərə xidmət etdiyini və dünya ictimaiyyətinə qarşı olmadığını bilir" - deyə Musəvi əlavə edib.
Musəvi əlavə edib ki, nüvə proqramına dair İranın ali dini rəhbəri, prezidenti , Milli Məclisinin sədri və ümumilikdə rəsmilərinin mövqeyi məlumdur və bu texnologiyaya sahib olmaq İranlıların haqqıdır.
Musəvi ümid etdiyini bildirib ki, İranın nüvə texnologiyasına sahib olmaq potensialına digər qonşu ölkələr də yiyələnəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]