Avstriya, Vena, 14 noyabr / Trend , müxbir A.Ələsgərov/ Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi Niderlandın Leyden Universitetinin kitabxanasına Azərbaycan haqqında kitabların hədiyyə verilməsi mərasimini keçirib. Mərasimin əvvəlində çıxış edən kitabxananın direktoru Kurt de Belder 1575-ci ildə təsis edilmiş Leyden Universitetinin tarixi haqqında danışıb, həmin təhsil müəssisəsinin Avropanın aparıcı 20 universiteti siyahısında olduğunu qeyd edib, universitetin kitabxanasına dair ətraflı məlumat verib. De Belder səfirliyin təşəbbüsünü yüksək qiymətləndirərək, Azərbaycan ilə əməkdaşlığın qurulmasından məmnun olduğunu bildirib. Səfir Fuad İsgəndərov öz cavab çıxışında ölkəmizin tarixi, nailiyyətləri, müasir iqtisadi inkişafı, neft strategiyası mədəniyyəti və tolerantlığı haqqında məlumatları çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikası tərəfindən Avropanın ən tanınmış universitetlərindən birinin kitabxanasına ölkəmizin dünənini, bu gününü və sabahını işıqlandıran kitabların hədiyyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Səfir vurğulayıb ki, təqdim olunan kitablar arasında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış nəşr nümunələri öz zəngin mahiyyəti və gözəl tərtibatına görə xüsusi yer tuturlar.
Təqdimat Ümummilli lider Heydər Əliyevin həyatını və Azərbaycan xalqı üçün yorulmaz fəaliyyətini əks etdirən kitablar haqqında ətraflı məlumatların verilməsi ilə başlayıb. Qeyd olunub ki, məhz Heydər Əliyevin şah əsəri olaraq müasir Azərbaycan Respublikası müstəqil Avropa dövləti kimi beynəlxalq münasibətlər sistemində layiqli yer tutub.
Sonra Azərbaycanın mədəniyyəti, tarixi və təbiəti haqqında kitablar holland tərəfinə təqdim edilib.
Tədbir zamanı kitabxanaya Ermənistanın Azərbaycana qarşı təcavüzünü obyektiv işıqlandıran kitablar təqdim olunub, onlar haqqında ətraflı məlumat çatdırılıb.
Təqdimatın sonunda kitabxananın İslam Dünyası və Orta Şərqin öyrənilməsi üzrə Departamentinin rəhbəri səfirliyin əməkdaşlarını Azərbaycana dair 1451-ci ilə aid Nizami Gəncəvinin "Xosrov və Şirin", 1678-ci ilə aid Sahib Təbrizinin "Divan", 1657-ci ilə aid Katib Çələbinin "Kitab-i Cihan-namə", 1555-ci ilə aid Füzulinin "Divan" unikal əlyazmaları, Mirzə Fətəli Axundovun "İki türk komediyası" - 1888-ci il tarixli fransız dilində nəşri kimi nadir kitablar kolleksiyası ilə tanış edib.
Səfir Fuad İsgəndərov bu cür qiymətli kitabların əla vəziyyətdə saxlanılmasına görə universitetin kitabxanasına öz təşəkkürünü bildirib və Azərbaycan mütəxəssislərinin də həmin kolleksiya ilə tanış ola biləcəyinə ümidvar olduğunu qeyd edib.
Təqdimat mərasimindən sonra keçirilən danışıqlar zamanı Leyden Universiteti kitabxanasının Azərbaycanın aidiyyatı sahə üzrə ixtisaslaşmış mərkəzlərlə əməkdaşlığına dair razılıq əldə edilib.
Mяqalя mцяllifi ilя яlaqя цnvanы: [email protected]