Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan müxalifəti növbəti seçki proseslərində vahid komanda və siyahı ilə iştirak etməlidir. "Müxalifətin yeni birliyi üçün bir neçə variant var və yaxın müddətdə müzakirə edib yekun qərar qəbul olunacaq", - cümə günü Trend - a Müxalifətin Əməkdaşlıq Mərkəzində (MƏM) təmsil olunan "Azərbaycan Naminə" İctimai Forumun (ANİF) rəhbəri Eldar Namazov bildirib.
Trend - un arayışı: Müxalifətin Əməkdaşliq Mərkəzinə "Azadliq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalari), Müsavat Partiaysi və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrin əvvəlində bu siyasi təşkilatlar oktyabrin 15 - də keçirilən prezident seçkisini qanunsuz tanimaq barədə birgə bəyanat imzalayiblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.
Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlasa da, qarşılıqlı ittihamlar üzündən müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.
Onun sözlərinə görə, "Azadlıq" blokuna dəvət olunub - olunmamasından asılı olmayaraq, Azərbaycanda demokratiyanın inkşafını istəyən bütün qüvvələrlə müttəfiqdir.
"Mən həmin qüvvələrlə bir yerdə olacağam. Müxalifət birləşməyə hazır olmalıdır. Mən müxalifətin əsas qüvvələrinin birləşməsinin tərəfdarıyam və bununla bağlı mövqeyimi artıq bildirmişəm ", - Namazov vurğulayıb.
Müxalifətin yeni birliyində Müsavat Partiyası funksionerlərinin yalnız güc mərkəzi hesab olunan partiyaların təmsil olunması ilə bağlı iddialarına gəldikdə, ANİF rəhbəri bunu bəhanə adlandırıb.
"Müxalifətin böyük birliyinə indi daha çox ehtiyac və şərait var. Kim bunu istəmirsə, bu və ya digər bəhanələrlə bu birlikdə iştirak etməyəcək. Biz təkcə bir neçə siyasi təşkilatı yox, ümumiyyətlə, bütün cəmiyyəti, demokratik dəyişiklikləri arzulayan bütün qurumları addım - addım birləşdirib, siyasi proseslərdə vahid qüvvə kimi iştirak etməliyik", - Namazov qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]