...

Cənubi Qafqazdakı münaqişələrin həll olunmaması ağır nəticələrə gətirib çıxara bilər --Türkiyənin xarici işlər naziri

Siyasət Materials 28 Noyabr 2008 20:07 (UTC +04:00)
Cənubi Qafqazdakı münaqişələrin həll olunmaması ağır nəticələrə gətirib çıxara bilər --Türkiyənin xarici işlər naziri

Qırğızıstan, Bişkek, 28 noyabr/ Trend müxbir R.Məşədihəsənli/ Türkiyənin xarici işlər naziri Əli Babacan hesab edir ki, Cənubi Qafqazda mövcud olan münaqişələrin həll olunmaması ağır nəticələrə gətirib çıxara bilər.

" Bu cür ciddi məsələ danışıqlar yolu ilə həll olunmadıqda, bunun hansı ağır nəticələrə gətirib çıxardığı göz qabağındadır",- bu barədə cümə günü Bişkekdə səfərdə olan Türkiyənin xarici işlər naziri Əli Babacan Trend -un sualını cavablandırarkən bildirib.

"Qafqaz Türkiyə üçün çox önəmli və strateji əhəmiyyətli bir bölgə hesab olunur. Hazırda Qafqaz ölkələrində çox ciddi münaqişələr problemi mövcuddur. Yəni Abxaziya, Osetiya və Dağlıq Qarabağ problemləri həll ounmamış qalmaqdadır. Uzun illərdən bəri bu ixtilafların çözümsüz qalması qarşıdurmaları daha da kəskinləşdirib. Xüsusilə, Qafqaz ölkələrində baş verən münaqişələrin əsas mənbəyi kiimi, Dağlıq Qarabağ məsələsinin hələ də öz həllini tapmaması fakt olaraq ortadadır. Nalbandyanla Qarabağ probleminin diplomatik həlli yollarını müzakirə etdik",- deyə Babacan bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında bu problemin çözülməsi istiqamətində az da olsa irəliləyiş nəzərə çarpır, eyni zamanda Türkiyə ilə Ermənistan arasında da mübahisə doğuran mühüm məsələyə dair nisbətən irəliyə doğru addım atılır. Bu problemlər bir-biri ilə sıx bağlıdır. Azərbaycan - Ermənistan əlaqələri necə inkişaf edəcəksə, Türkiyə - Ermənistan münasibətləri eyni olacaq.

"Biz region ölkələri - Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın danışıqlar stolu arxasında əyləşib, problemlərini həll etmək təklifi ilə çıxış etdik. Bu təklif "Qafqaz ölkələrinin iş birliyi və barış" adlı platforma hesab olunur. 5 ölkənin nümayəndələri artıq tez-tez görüşlər keçirməyə başlayıb və problemlərin birgə həlli mexanizmləri, prinsipləri axtarılır. Ümidvaram ki, Qafqazdakı problemlər qısa müddət ərzində öz həllini tapacaq. Onu da xatırlatmaq istərdim ki, Qafqaz platforması ATƏT-in Minsk Qrupuna alternativ olan bir qurum deyil. Türkiyə Minsk Qrupunun üzvüdür. Lakin həmsədrliyi ABŞ, Rusiya və Fransa həyata keçirir. Son vaxtlarda Azərbaycan - Ermənistan arasında danışıqların məcraya düşməsi də məhz Minsk Qrupu çərçivəsində mövcud olub. Şübhəsiz, Türkiyənin də bu işdə mühüm rolu vardır" - Babacan qeyd edib.

Türkiyə Respublikasının Xarıcı İşlər naziri Əli Babacanın Qırğızıstana rəsmi səfəri noyabrın 29 - da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti