...

Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının 10 illik yubileyinə həsr olunmuş mərasim keçirilib

Siyasət Materials 6 Dekabr 2008 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının 10 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.

Şənbə günü Akademiyada keçirilən tədbirdə Prezidentin İcra Aparatının hüquq - mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ali təhsil ocağının 10 illik yubileyi münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin təbrik məktubunu oxuyub.

Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov bildirib ki, müstəqil Azərbaycanın təhlükəsizliyini təmin edəcək peşəkar zabit kadrlarının hazırlanmasında xüsusi əhəmiyyətə malik olan bu ali təhsil ocağı Heydər Əliyevin 1998- ci il dekabrın 1- də imzaladığı sərəncamla yaradılıb.

Nazir Mahmudov qeyd edib ki, on il ərzində akademiyanın maddi - texniki bazasının yaradılması, təlim və tədrisin təşkili sahəsində bir sıra işlər görülüb.

Son illər Akademiyada böyük təmir və yenidənqurma işləri aparılıb, təzə korpuslar inşa olunub, maddi - texniki bazanın möhkəmləndirilməsi, ən müasir texnoloji vasitələrin tətbiqi təmin edilib.

Akademiyada tədrisin xüsusi xidmət orqanlarına məxsus spesifiklik nəzərə alınmaqla qurulduğunu bildirən nazir, bu ali təhsil müəssisəsində xüsusi bilikləri mənimsəyən gənclərin peşəkar kimi yetişməsi ilə yanaşı, onların Vətənə və xalqa sədaqət ruhunda tərbiyəsinə, dünyagörüşlərinin inkişafına xüsusi diqqət yetirildiyini bildirib.

Milli təhlükəsizlik orqanlarına xalqımız tərəfindən böyük inamın, hörmətin formalaşdığını qeyd edən təhsil naziri Misir Mərdanov bunun son illər Milli Təhlükəsizlik Nazirliyində aparılmış ciddi dəyişikliklərlə bağlı olduğunu vurğulayıb.

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, dövlətimizə qarşı müəyyən təhdidlərin, terror təhlükəsinin qarşısının alınmasında Milli Təhlükəsizlik Nazirliyinin rolu xüsusi əhəmiyyət kəsb edir.

"Fərəhli haldır ki, milli təhlükəsizlik orqanları ölkəmizə qarşı yönəlmiş bu təhdidlərin qarşısını vaxtında və peşəkarlıqla alır, müstəqil dövlətçiliyimizin qorunması üçün böyük fədakarlıq nümayiş etdirirlər",- deyə millət vəkili vurğulayıb.

YAP sədrinin müavini təhlükəsizlik orqanlarının dövlətimizin, xalqımızın narahatlıq keçirməsinə heç zaman yol verməyəcəyinə əmin olduğunu vurğulayıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov qeyd edib ki, dövlətçilik üçün xüsusi əhəmiyyət kəsb edən Milli Təhlükəsizlik Nazirliyində gənc kadrların hazırlanmasına, onların müasir tələblərə uyğun yetişdirilməsinə xüsusi diqqət yetirilir.

"Bu gün akademiya ilə tanışlıq deməyə imkan verir ki, Azərbaycanın müasir çağırışlara cavab verən xüsusi təyinatlı ali təhsil ocağı var",-deyə Qəndilov vurğulayıb.

Milli təhlükəsizlik naziri tərəfindən Akademiyanın xidmətdə və tədrisdə fərqlənən bir qrup əməkdaşına fəxri fərman, medal, döş nişanları və digər mükafatlar təqdim olunub.

MTN-nin Heydər Əliyev adına Akademiyasının şəxsi heyətinin Prezident İlham Əliyevə müraciəti qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti