Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir C.Babayeva/ Polşa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Bu barədə cümə günü Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ilə görüşdə Polşa Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Françişek Qaqor bildirib.
İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ 1991-ci ilin dekabrında Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair saziş əldə olunub və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Atəşkəs rejiminin təmin edilməsi üçün ATƏT qoşunları təmas xəttində müntəzəm monitorinqlər həyata keçirir.
Görüşdə ölkələr arasında hərbi saziş çərçivəsində əməkdaşlıq məsələləri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan 20-dən artıq dövlət ilə hərbi sazişə malikdir, təqribən 50 ölkə ilə hərbi sahədə əməkdaşlıq edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]