...

Azərbaycanda proporsional seçki sisteminin bərpası ilə bağlı başlanan imzatoplama kampaniyası dayandırılıb

Siyasət Materials 3 Fevral 2009 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda proporsional seçki sisteminin bərpa olunması üçün yaradılan təşəbbüs qrupu imzatoplama kampaniyasını dayandırıb.

"İndiyə qədər partiyamızın təşəbbüs qrupunda təmsil olunan üzvləri 40 min imza toplayıblar. Referenduma görə imzatoplama kampaniyasını dayandırmağı qərara almışıq", - çərşənbə axşamı Trend -a təşəbbüs qrupunun üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədr müavini Vahid Nəzərov bildirib.

Trend -un arayışı: 2002-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə - majoritar və proporsional olmaqla keçirilirdi. 2002-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sistemə keçilib.

Müxalif ALDP 2008-ci ilin noyabr ayında proposional seçki sisteminin bərpa olunması üzrə təşəbbüs qrupu yaradıb. Təşəbbüs qrupunun 55 nəfər üzvü seçilib. Həmin qrup ALDP adından Azərbaycanda fəaliyyət göstərən bütün partiyalara proporsional seçki sisteminin bərpa olunması üçün imzatoplama kampaniyasına qoşulmağı təklif edir. Təşəbbüs dəstəklənərsə, 600 minə yaxın seçici səsi toplanıb Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. MSK isə həmin imzaları təsdiqlədikdən sonra proporsoinal seçki sisteminin bərpası üçün Milli Məclisə gönədərəcək.

Nəzərovun sözlərinə görə, martın 18-nə təyin olunan referendum keçiriləndən sonra həm ALDP, həm də təşəbbüsə qoşulan digər müxalif partiyalar imzatoplama kampaniyasını yenidən bərpa edəcəklər: "Biz Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinə müsbət yanaşırıq. Amma düşünürük ki, proporsional seçki sisteminin bərpası üçün də referendum keçirilməlidir", - ALDP-nin sədr müavini əlavə edib.

Onun fikrincə, proposional seçki sisteminin bərpası ilə bağlı referendum 2009-cu ilin payızında nəzərdə tutulan bələdiyyə seçkiləri zamanı baş tuta bilər.

АLDP 1999-cu ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP iki hissəyə bölünüb. Valeh İbadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti