...

Azərbaycanda referendumla bağlı pulsuz efir vaxtı üzrə püşkatma aparılıb

Siyasət Materials 18 Fevral 2009 13:22 (UTC +04:00)
Azərbaycanda referendumla bağlı pulsuz efir vaxtı üzrə püşkatma aparılıb

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir A.Hüseynbala/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə günü keçirilən iclasında referendumla əlaqədar ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü müəyyənləşib və püşkatma aparılıb.

Trend -un məlumatına görə, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, referendumla bağlı təbliğatla məşğul olan təşviqat qruplarının debatı üçün həftədə bir dəfə İctimai Televiziyada (İTV), bir dəfə isə İctimai Radioda pulsuz efir vaxtı ayrılacaq.

Həftənin şənbə günü saat 18:15-19:45-dək İTV-də, həftənin çərşənbə günü saat 20:15-21:45-dək isə İctimai Radioda pulsuz efir vaxtı ayrılacaq. Pənahov bildirib ki, bu müddətdə ancaq təşviqat qrupunun üzvləri üçün efir vaxtı ayrılıb. Aparıcının efir vaxtını isə İTV nüəyyən etməlidir. Təbliğat dövründə cəmi 4 dəfə İTV-də və 4 dəfə İctimai Radioda pulsuz efir vaxtı ayrılacaq. İTV-də ilk təbliğat fevralın 21-də, İctimai Radioda isə bu gündən başlayacaq.

Püskatmadan sonra bəlli olub ki, efirdə birinci "Zəka", ikinci "Tərəqqi", üçüncü "Vətəndaş Cəmiyyəti", dördüncü "Davamlı İnkişaf Naminə", beşinci "Qarabağ və Respublika Uğrunda Hərəkat", altıncı "Respublikaçılar", yeddinci "Hüquq və Demokratiya", səkkizinci "Şəhər"və sonuncu "Yeni Azərbaycan" təşviqat qrupları çıxış edəcək. Tək rəqəmlər aparıcıdan sağda, cüt rəqəmlər solda əyləşəcək. Sonuncu "Yeni Azərbaycan" təşviqat qrupu isə aparıcı ilə üzbəüz əyləşəcək.

Trend -un arayışı: Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start verəcəklər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

MSK-nın iclasında "Hüquq və Demokratiya", "Şəhər", "Tərəqqi", "Vətəndaş Cəmiyyəti" və "Davamlı İnkişaf  Naminə" təşviqat qruplarının komissiyada məşvərətçi səs hüquqlu üzvləri təsdiq edilib və səlahiyyətli nümayəndələri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti