...

Azərbaycanın bəzi müxalifət partiyalarının referendumu boykot etməsi ictimai əhəmiyyət kəsb etmir - Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 11 Mart 2009 14:35 (UTC +04:00)
Azərbaycanın bəzi müxalifət partiyalarının referendumu boykot etməsi ictimai əhəmiyyət kəsb etmir - Prezidentin İcra Aparatının şöbə müdiri

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan hakimiyyəti hesab edir ki, ölkənin bəzi müxalifət partiyalarının referendumu boykot etməsi effektsiz qərardır.

"O çağırış ki, ciddi ictimai dəstək qazanmır və ictimai əhəmiyyət kəsb etmir, ona qiymət verməyə də dəyməz", - Trend -un məlumatına görə, çərşənbə günü jurnalistlərə Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanın bir qrup müxalif partiyası və ictimai təşkilatının təsis etdiyi "Qarabağ və Respublika Uğrunda Hərəkat" martın 10-da  referendumu boykot etmək haqda qərar qəbul edib.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək. Azərbaycanda referendumla bağlı təsis edilən təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.

Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Həsənov deyib ki, Azərbaycan vətəndaşı şüurlu şəkildə seçki məntəqəsinə gəlib referenduma münasibətini bildirəcək.

"Necə münasibət bildirəcək, bu, artıq xalqın iradəsidir və ona heç kim təsir edə bilməz. Xalq məqbul hesab etdiyini, dəyərləndirdiyini qiymətləndirəcək və ona münasibət bildirəcək", - şöbə müdiri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti