Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva /
Ötən ilin mayında Ermənistan ordusundakı özbaşınalıq və zorakılığa etiraz olaraq Azərbaycana qaçmış Paruyur Stepanyan bu gün Azərbaycanı tərk edib, cümə axşamı Trend -a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şain Sailov məlumat verib.
Sailov bildirib ki, erməni əsirinin ötürüldüyü üçüncü ölkənin adı beynəlxalq hüquq normalarının tələbinə görə açıqlanmır.
Ermənistan ordusunun əsgəri Stepanyan öz arzusuna uyğun olaraq, üçüncü ölkəyə ötürülüb. O, Ermənistan vətəndaşlığından imtina etmiş və bu barədə rəsmi olaraq bəyanat vermişdi.
Fevralın 28-də Azərbaycana kecən üç erməni əsgəri də üçüncü dövlətə keçmək istədiklərini bəyan ediblər.
Sailov bildirib ki, onların üçüncü dövlətə ötürülməsi ilə bağlı indidən konkret fikir söyləmək mümkün deyil.
Onun sözlərinə görə, bu proses uzun çəkəcək.
Trend -un arayışı: Fevralın 28-də gecə saat 01.00-02.00 radələrində erməni hərbçiləri Qrant Markosyan, Artur Vartevyan və Alik Tevosyan Ağdamın Evcidüzü adlanan ərazisində Azərbaycan tərəfinə əsir düşüblər. Onlar Xocalıdan olan məcburi köçkün Zümrüd Əliyevanın evinin yaxınlığına gələrək rus dilində ondan çörək istəyiblər.
Azərbaycan tərəfinə könüllü əsir düşmüş erməni hərbçiləri dindirilmə zamanı Ermənistan ordusunda əsgərlərə işgəncə verildiyini etiraf ediblər.
Erməni hərbçiləri dindirilmə zamanı bildiriblər ki, Ermənistan ordusunda vəziyyət dözülməz həddədir, əsgərlərə geyinməyə paltar, ayaqqabı verilmir, yatacaq yerləri qızdırılmır, soyuqdan müxtəlif xəstəliklərə düçar olurlar.
Əsirlər onlara yemək verilmədiyini, ordunu pnevmaniya və digər ağır xəstəliklər bürüdüyünü, dərman çatışmazlığı olduğunu bildiriblər. "Yoluxucu xətəliklər artdığından ölüm halları çoxalıb. Hətta valideynlərin dərman almaq üçün göndərdikləri pulu da erməni zabitləri mənimsəyirlər", - erməni əsirlər bildiriblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]