...

Azərbaycanda keçirilən referendumda əhali yüksək fəallıq nümayiş etdirir - Ombudsman

Siyasət Materials 18 Mart 2009 14:22 (UTC +04:00)
Azərbaycanda keçirilən referendumda əhali yüksək fəallıq nümayiş etdirir - Ombudsman

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda keçirilən referendumda əhali yüksək fəallıq nümayiş etdirir, çərşənbə günü Trend -a Ombudsman Elmira Süleymanova bildirib.

Süleymanova bildirib ki, saat 11.00-dək seçicilərin 30 faizə yaxını referendumda iştirak edib.

Ombudsmanın sözlərinə görə, rəhbərlik etdiyi Ombudsman Aparatının 38 əməkdaşı 54 rayonda səsvermənin gedişatını müşahidə edir.

Süleymanova deyib, Ombudsman Aparatının əməkdaşları tərəfindən səsvermənin gedişi zamanı bu saatlaradək heç bir ciddi pozuntu qeydə alınmayıb.

"Əgər hər hansı pozuntu barədə bizə şikayət daxil olarsa, MSK ilə dərhal əlaqə saxlayıb, pozuntunun aradan qaldırılmasına çalışacağıq", - Süleymanova bildirib.

Ombudsman referendumun sonadək qanunauyğun, tam şəffaf şəkildə keçəcəyinə ümidvar olduğunu vurğulayıb.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti