...

Əfqanıstanda növbəti prezident seçkiləri şəffaf keçiriləcək – Seçki Komissiyasının baş katibi (MÜSAHİBƏ)

Siyasət Materials 4 İyul 2009 09:00 (UTC +04:00)
Əfqanıstanda növbəti prezident seçkiləri şəffaf keçiriləcək – Seçki Komissiyasının baş katibi (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 03 iyul / Trend News, müxbir T.Cəfərov /

 

Trend -un Fars redaksiyasının Əfqanıstan Müstəqil Seçki Komissiyasının baş katibi Davud Əli Nəcəfi (Daoud Ali Najafi) ilə eksklüziv müsahibəsi

- Avqust ayında Əfqanıstanda keçiriləcək prezident seçkilərinin şəffaflığı üçün hansı tədbirlər həyata keçirilib?

- Baxmayaraq ki, seçkilərin keçirilməsində bəzi problemlər mövcuddur, lakin mən Əfqanıstanın Müstəqil Seçki Komissiyasının icraçı direktoru kimi, növbəti prezident seçkilərinin şəffaf keçiriləcəyinə böyük ümid bəsləyirəm. Seçkilərin keçirilmə vaxtı, namizədlərin təbliğat müddəti və ümumiyyətlə seçki prosesi Seçki Məcəlləsinə uyğun olaraq müəyyən olunmuş vaxt cədvəli çərçivəsində təyin olunub. Həmin cədvələ uyğun olaraq, komissiyanın bütün fəaliyyəti yerinə yetirilib və bu məsələ əhali tərəfindən alqışla qarşılanıb.

- Seçicilərin siyahiyaalınma prosesi hazırda hansı mərhələdədir?

- Seçkilərin keçirilməsi ilə bağlı ilk addım seçicilərin siyahıya alınmsı məsələsidir. Baxmayaraq ki, əhalinin siyahıya alınmasına başlamamışdan öncə təhlükəsizlik məsələləri ilə bağlı bəzi narahatlıqlar var idi, lakin siyahıyaalınma Əfqanıstanın bütün regionlarında uğurla başa çatıb. Beş milyon nəfər yeni seçici qeydiyyata alınıb. Yeni seçici dedikdə, ötən seçkilərdən hazırkı seçkilərədək olan müddətdə 18 yaşına çatmış, ölkəyə qayıtmış və seçki məntəqəsini dəyişmək şəxslər nəzərdə tutulur.

- Əfqanıstanda keçiriləcək prezident seçkiləri və bu seçkilərdə qadınların iştirakı hansı səviyyədədir?

- Əyalət Şuraları seçkilərinə 3396 nəfər öz namizədliyini irəli sürüb. Budəfəki seçkilərdə qadın namizədlər aktiv iştirak ediblər. Əyalət Şuraları seçkilərinə qadın namizədlərin sayı ötən seçkilərlə müqayisədə iki dəfə artıb. Prezident seçkilərində 41 nəfər namizədliyini irəli sürüb ki, onlardan da iki nəfər qadındır. Baxmayaraq ki, əhali və namizədlər təhlükəsizlik məsələlərinə görə narahatdırlar, lakin indiyədək bu məsələ ilə bağlı problemlə üzləşməmişik. Fikrimcə, seçkilərin keçirilməsi əhali tərəfindən dəstəklənərsə və əhali seçkilərdə aktiv iştirak edərsə təhlükəsizlik məsələləri ilə bağlı bir o qədər də böyük problem olmayacaq. 

- İnsan haqları müdafiəçiləri və siyasi fəallar bəzən iddia edirlər ki, qadınlar qeydiyyatdan keçmək üçün birbaşa müraciət etməyiblər, həyat yoldaşları və ya ataları onların əvəzinə qeydiyyat kartını doldurublar. Siz bu məsələni necə dəyərləndirirsiz?

- Bu kimi məsələlər həqiqətə uyğun deyil. Budəfəki seçkilərdə seçicilərin siyahıyaalınma prossesi ötən seçkilərdən fərqli olaraq həyata keçirilib. Biz seçicilərin siyahıya alınması zamanı onların fotoları və barmaq izlərinin olmasının vacibliyini elan etmişik. Bundan başqa, seçicilərin siyahıyaalınma prosesinə başlamamışdan öncə bütün əyalət rəhbərlərini qeydiyyat prosesini həyata keçirməklə bağlı təlimatlandırmışıq. Verilən göstərişlərə əməl etməyənlərə qarşı ağır cəza tətbiq ediləcəyini elan etmişik. İndiyədək insan haqları müdafiəçiləri tərəfindən belə faktlarla bağlı hansısa iddia irəli sürülübsə, biz onlardan sübut tələb etmişik, lakin onlar tutarlı sübut təqdim edə bilməyiblər.

- Qərb mətbuatında səslərin satılması ilə bağlı məlumatlara rast gəlinir. BBC-nin məlumatında yazılıb ki, səslər 5 sentdən 50 dollara qədər satılır, lakin bu məsələ ilə bağlı tutarlı sübutun olmaması da qeyd olunub. Belə hallarla bağlı namizədlər tərəfindən komissiyaya şikayətlər daxil olubmu?

- Mətbuatda yer alan bu məlumatlar həqiqətə uyğun deyil. İndiyədək heç bir namizəd tərəfindən bu məsələ ilə bağlı şikayət daxil olmayıb. Müstəqil Seçki Komissiyası tərəfindən dəfələrlə yayımlanan bəyanatlarda əhaliyə açıq şəkildə bildirilib ki, səslərin satılması qəti qadağandır və bu kimi hallar aşkarlanarsa, qanun çərçivəsində cəza tətbiq olunacaq. Qeydiyyat zamanı qanuna əsasən hər bir prezidentliyə namizəd 10 min imza, Əyalət Şurası namizədi isə 200 imza toplamalıdır. Biz imzatoplama zamanı da bu məsələni diqqətlə yoxladıq və imzaların pulla alınması kimi hallara rast gəlmədik.

- Əfqanıstanın xarici işlər naziri Rəngin Dadfər Spanta xarici ölkələrin müşahidəçilərini və mətbuat nümayəndələrini seçkiləri müşahidə etməyə çağırıb. Seçkilərin beynəlxalq qurumlar tərəfindən, eləcə də daxili və xarici mətbuat nümayəndələrinin iştirakı ilə müşahidəsi hansı səviyyədə olacaq?

- Seçkilərin şəffaf şəkildə keçirilməsinin təminatı müşahidəçilərə bağlıdır. Biz də bütün beynəlxalq təşkilatları, xüsusilə Avropa İttifaqı, ATƏT və Asiya ölkələrini Əfqanıstandakı seçkiləri müşahidə etmək üçün rəsmi şəkildə dəvət etmişik. Həmçinin ölkə daxilindəki müşahidəçiləri də dəvət etmişik. İndiyədək 76 beynəlxalq təşkilat komissiyaya müraciət edib. Biz seçkilərə nəzarət etmək istəyən hər hansı bir təşkilatın və dövlətin istəyini dəstəkləyirik. Bu qurumların nümayəndələri hazırda Kabildədir. Müsəqil Seçki Komissiyası müşahidə aparmaq üçün onlara vəsiqələrin verilməsi prosesini həyata keçirir.

- Əfqanıstanın bəzi əyalətləri dövlətin nəzarəti altında deyil, bu əyalətlərdə əhalinin seçkilərdə iştirakı üçün nə kimi işlər görülüb?

- Ölkənin təhlükəli və qeyri-sabit regionlarında əhalinin mətbuata əli çatmadığı üçün 1607 nəfər bir aya yaxındır ki, əhalinin maarifləndirilməsi ilə məşğuldur. Bundan başqa, ən ucqar yerlərdə və qeyri-sabit regionlarda seçkinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə 9000 nəfər yerli asayiş keşikçisi fəaliyyətə başlayıb. Hələlik təhlükəsizlik baxımından heç bir problemlə üzləşməmişik. İndiyədək seçkiləri təşkil edən nümayəndələr arasında ölən və ya oğurlanan olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti