Azərbaycan, Lənkəranı, 14 oktyabr / Trend , müxbir P.Əliyeva/
Azərbaycanın cənub bölgəsində, İranla sərhəd ərazilərdə bu ilin 9 ayı ərzində (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar) narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 50 cinayət faktı üzrə 112 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsi üzrə regional şöbəsindən çərşənbə günü Trend -a bildiriblər ki, müsadirə edilən narkotik vasitələrin 92 kq 170 q həşiş, 17 kq 445 qr heroin, 265 qram tiryək, 1kq 800 qram psixotrop dərmanlardır (tramadol). Hesabat dövründə aşkarlanan 50 cinayət faktı ilə bağlı 21 nəfər tutulub ki, onlardan 8-si İran vətəndaşıdır. Regional şöbənin əməkdaşlarının dövriyyədən çıxardıqları narkotik vasitə ən çox Lənkəranda - 50 kq 420 qr və Biləsuvarda - 45 kq 250qr təşkil edib.
Narkotik maddələrin qanunsuz dövriyyəsinə dair faktların əksəriyyəti qaçaqmalçılıqla bağlıdır.
2008-ci ilin müvafiq dövründə 51 cinayət faktı üzrə 127 kq 290 qr narkotik vasitə tutulub. Həmin faktlar üzrə isə 29 nəfər (4-ü İran vətəndaşı) həbs edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]