...

Özbəkistanın səfiri bu gün Tovuza səfər edib

Siyasət Materials 22 Mart 2010 21:11 (UTC +04:00)
Özbəkistanın Azəbaycandakı səfiri İsmətulla İrqaşev, Millət vəkili Qənirə Paşayevanın dəvəti ilə, bu gün Tovuz rayonuna səfər edib.
Özbəkistanın səfiri bu gün Tovuza səfər edib

Azərbaycan, Tovuz, 22 mart / Trend , müxbir V.Məmmədov/

Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev millət vəkili Qənirə Paşayevanın dəvəti ilə bu gün Tovuz rayonuna səfər edib.

Qonaqlar Tovuz rayonunun Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra isə səfir Ermənistanla sərhəddə yerləşən Ağdam, Əlibəyli və Hacıalı kəndlərində olub. İrqaşevə erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində dağıdılmış qəbiristanlıq və məktəb binası, həmçinin üzərində güllə izləri olan evlər göstərilib. Səfirə kəndlərin mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması və bunun nəticəsində ölüm hallarının olması barədə məlumat verilib. Səfir kəndlərin yaşayış səviyyəsi və əhalinin çətinlikləri ilə şəxsən tanış olub.

İrqaşev, həmçinin, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə olub. Burada səfir bayram şənliklərində iştirak edib və özbək musiqisinin sədaları altında əsgərlərlə rəqs edib. Hərbi xidmətdə fərqlənmiş əsgərlərə dəyərli hədiyyələr paylanılıb.

Qənirə Paşayeva və Özbəkistan səfiri Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüblər. Görüş zamanı səfir Tovuzun və Səmərqəndin qardaş şəhərlər olması barədə fikir irəli sürüb. Fikir çox müsbət qarşılanıb. Öz növbəsində Tofiq Zeynalov yaxın gələcəkdə Tovuzun mərkəzi küçələrindən birinin Özbəkistanın şərəfinə adlandırılması barədə fikir irəli sürüb.

Jurnalistlərə verdiyi müsahibədə səfir İrqaşev, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli tərəfdarı olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti