Azərbaycan Prezidenti İlham Əliyev Müqəddəs Pasxa bayramı münasibətilə pravoslav xristian icmasını təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda tarixən xalqlar arasında mehriban dostluq və qardaşlıq münasibətləri mövcud olub, səmavi dinlər qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərib.
İlham Əliyev yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqlarının öz etnik-dini adət-ənənələrini, dil və mədəniyyətini günümüzəcən yaşadıqlarını vurğulayıb.
"Müasir mərhələdə tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunub saxlanması Azərbaycan hökumətinin xüsusi diqqət və qayğıyla yanaşdığı məsələlərdəndir. Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan pravoslav xristian icması ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkədə təmin olunmuş demokratik-hüquqi şəraitdən tam yararlanmaqla, milli-dini ayin və mərasimlərini azad və sərbəst şəkildə yerinə yetirir. Azərbaycanda hər il təntənə ilə qeyd edilən Pasxa bayramı da belə mərasimlərdəndir", - təbrik məktubunda deyilir.