Fələstin, Ramallah, 15 aprel /Trend, xüsusi müxbir A.Qasımova/
Fələstin xalqı işğalçılara qarşı mübarizəni dinc yolla davam etdirəcək və bunda bizi beynəlxalq birlik dəstəkləyir. Bunu Fələstin Muxtariyyətinin Baş naziri Salam Fayad deyib.
"Fələstin cəmiyyəti dinc yolla işğala etirazını bildirir. Bəzən İsrail tərəfindən bizim dinc nümayişçilərə atəş açılır, lakin buna baxmararaq, dinc müqaviməti davam etdirəcəyik", - Baş nazir cümə axşamı Ramallahda mətbuat konfransında jurnalistlərə deyib.
Fayadın sözlərinə görə, fələstinlilər dinc dövlət istəyirlər və hamı ilə, o cümlədən, qonşu İsrail ilə də siyasi münasibətlər qurmağa çalışırlar.
"Eyni zamanda, biz işğal altında inkişaf edə bilmərik. Əsas məqsədimiz müstəqil dövlətə çevrilməkdir", - o deyib. - "Bizim istəyimiz sakit və müstəqillik şəraitində yaşamaqdır".
"İsrailin gələcək müstəqil Fələstin dövlətinin yaradılmalı olduğu ərazilərdə məskunlaşma siyasətini həyata keçirməsi ilə bağlı şərtlər Fələstin üçün əlverişli deyil", - Fayad deyib.
Beynəlxalq birlik Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləyir və Baş nazirin fikrincə, onun bu yaxınlarda Moskvaya səfəri və Yaxın Şərq kvarteti ilə görüşü bunu sübut edir.
"Biz bu münaqişənin bitməsini çox istəyirik və sülh şəraitində yaşaya bilərik", - Fayad dünya birliyinin dəstəyinə ümid etdiyini bildirib.