...

Yeni intellektual məkana doğru

Siyasət Materials 1 İyun 2010 12:25 (UTC +04:00)
Elnur Aslanov, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
Yeni intellektual məkana doğru

Elnur Aslanov, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri

Biz tez-tez vurğulayırıq ki, müasir dünya intensiv şəkildə dəyişir. Artıq bu barədə təkcə siyasətçilər, yaxud qlobal maliyyə böhranının nəticələri ilə mübarizə aparan ekspertlər deyil, adi insanlar da danışır.

Tamamilə aydındır ki, XXI əsrin əvvəli planetimizin milyardlarla sakininin yaddaşında geosiyasi və geoiqtisadi xarakterli mühüm dəyişikliklər dövrü kimi qalacaqdır. Dünya siyasətinin strukturu ənənəvi qarşılıqlı ünsiyyət və qarşılıqlı anlaşma metodlarının transformasiyasına məruz qalır. Bu gün müşahidə etdiyimiz prosesləri cəmi 2-3 il bundan əvvəl təsəvvürə gətirmək çətin idi. Diplomatik fəallıq və intensiv demarşlar təkcə bir regionda, məsələn, Cənubi Qafqazda vəziyyəti dəyişmir, bütövlükdə qlobal gündəliyi modifikasiya edir.

Beynəlxalq münasibətlərin forması dəyişdikcə onun tərkib hissələri də dəyişir. Müasir maliyyə böhranının əsas səbəbi olmuş Bretton-Vud beynəlxalq monetar sisteminin yaradılması keçən əsrin ikinci yarısında dövlətin və cəmiyyətin inkişaf vektorunun elmi tərkib hissəsini gücləndirmək zərurətinə gətirib çıxarmışdır. Sənaye cəmiyyətinin postmodern cəmiyyəti ilə əvəz edilməsi "biliklərə əsaslanan cəmiyyət" ideyasını tezliklə dövlətin və cəmiyyətin daxilində qarşılıqlı təsirin prioritet amilinə çevirmişdir. Səmərəli inkişaf, intensiv iqtisadi artım, "möcüzə" modelləri və düz xətt boyunca hərəkət trayektoriyasını kökündən dəyişən "ağ yaxalıqlı"ların uğurları - bütün bunlar yalnız intellekt və elmi yanaşma sayəsində mümkün olmuşdur. "Asiya pələngləri", modernləşmənin Çin və Argentina modelləri, "yapon ruhu", qərbləşmə ilə modernləşmə arasında qarşıdurma, sivilizasiyaların münaqişəsi və finalda liberalizmin qalib gəldiyi "tarixin başa çatması", elmi cəhətdən əsaslandırılmış bir sıra başqa nəzəriyyələr qlobal tarixi dönüş və dövlətlərin inkişafı üçün zəruri intellektual meydan yaratmışdır.

Öncə fikir...

Qədim Yunanıstandan başlamış Fransada Rişelye dövrünə qədər bəşəriyyətin inkişafının bütün mərhələlərində mütərəqqi dövlət xadimləri ölkənin inkişaf modellərinin reallaşdırılmasında həmişə intellektual resurslardan istifadə etməyə çalışmışlar. Məsələn, Abbasilər sülaləsinin xəlifələri Bizansdan töycü kimi pul deyil, elmin ayrı-ayrı sahələrinə aid qiymətli əlyazmalar alırdılar. Bir neçə xəlifənin hakimiyyəti dövründə formalaşmış "Müdriklik evi" müasir elmlər akademiyasının rolunu yerinə yetirir, orada dövrün ən parlaq zəkaları çalışırdı.

Keçən əsrin əvvəlindən etibarən dövlətin daxili və xarici strukturunun müəyyən edilməsində təfəkkür fabrikləri öncül rol oynama başlamışdır. Belə fabriklərin ilk cücərtiləri 1916-cı və 1919-cu illərdə siyasi tövsiyələr və proqramlar üzərində işləyən akademiya və universitet laboratoriyaları şəklində fəaliyyət göstərirdi. Bu qəbildən ilk strukturlar Brukinq universiteti və Stenford universiteti yanında Quver institutu olmuşdur. Bu gün dünyanın 170 ölkəsində 6 minə yaxın "beyin mərkəzi" vardır.

İntellektual element hər bir cəmiyyətdə fərdi xarakter daşıyır və yalnız ayrı-ayrı vahidləri keyfiyyətli idarəetmə sistemi şəklində qruplaşdırmağı bacaran dövlətlər həmin elementdən uğurla istifadə edirlər. Bu sistem müxtəlif təhdidlərə ani şəkildə müvafiq münasibət bildirməyə, eləcə də informasiya mübarizəsində preventiv tədbirlər təklif etməyə imkan verir.

Prezident İlham Əliyev diplomatların və ekspertlərin qarşısında duran vəzifələri ifadə edərək hücumçu xarici siyasəti müəyyən etmişdir. Məsələyə bu cür yanaşmaq özünün bütün parametrlərinə görə Azərbaycanın mənafelərinin səmərəli və hərtərəfli lobbiləşdirilməsini, xarici iqtisadi və xarici siyasi doktrinanın əsas vektorlarının dünya ictimaiyyətinə çatdırılmasını, regional və qlobal layihələrə fəal cəlb olunmağı, eləcə də intellektual cəbhədə geniş hücum strategiyasını təmin etməlidir. Prezidentin ifadə etdiyi prioritet bir fakt aydın göstərir ki, bəzən ənənəvi diplomatiya lazımınca səmərəli olmadıqda fəal intellektual mübadilə, dövlətin və cəmiyyətin gələcək perspektivlərinə yeni elmi yanaşma qarşılıqlı münasibətlərin və qarşılıqlı tamamlamanın yeni formasına çevrilir.

Ənənələrdən innovasiyalara doğru

Sözsüz ki, XXI əsr diplomatiyası artıq yalnız ənənəvi danışıqlar və beynəlxalq konfranslar demək deyil, hərçənd onlar, əlbəttə, arxaizmlərə çevrilməmişlər. Bu gün facebook, twitter, youtube və bir sıra başqa sosial şəbəkələr elə ideyaları səmərəli və məqsədyönlü şəkildə reallaşdırırlar ki, keçən əsrdə bu ideyalar yalnız siyasi institut olan dövlətin qüvvəsi ilə həyata keçirilə bilərdi. İnternet təkcə qlobal ilkin mənbə deyil, o, həm də yeni norma və stereotiplərin bərqərar olması üçün mühüm elementə çevrilmişdir. Üçüncü minilliyin diplomatiyası təfəkkürün və şüur formasının dəyişməsi, tədricən virtual həmfikirlər məkanı yaradılması deməkdir.

Müasir diplomatiya formalarının dəyişməsi milli ekspertlər birliyinin güclənməsi və fəallaşması zərurətini aktuallaşdırır. Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi, Cənubi Qafqazda proseslərin intensiv şəkildə bir-birini əvəz etməsi, qlobal səviyyədə enerji təhlükəsizliyi probleminin daim müzakirə edilməsi şəraitində ekspertlər birliyinin rolu formalaşmaqda olan gündəliyin mühüm elementi kimi təzahür edir. Bəzən cari daxili və xarici siyasi konsepsiyanın bəzi məsələlərinin daha dəqiq müəyyən edilməsi ekspertlərlə zəruri və aktual diskussiyalardan asılı olur. Bu halda araşdırma mərkəzləri ekspertlərinin vəzifəsi əldə edilmiş uğurların bayağı konstatasiyasından və ya dünyanın özü kimi qədim olan mövzuya dair mühakimələrdən ibarət deyildir. İntellektual diskussiyaların prioriteti regional və qlobal miqyaslı transformasiyaların səbəb və nəticələrinin təhlilində akkumulyasiya edilməlidir. Hakimiyyət və bütövlükdə cəmiyyət Azərbaycan ali məktəblərinin müvafiq kafedra və fakültələrindən xüsusi fəallıq, səmərəli və keyfiyyətli tədqiqatlar gözləyir. Ekspertlərin qarşısında Prezident İlham Əliyevin xarici və daxili siyasətinin çoxprofilli təhlili, regional və qlobal dünya nizamı məsələlərinin müzakirə edilməsi, habelə Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti üçün yeni təhlükə və təhdidlərin üzə çıxarılması vəzifəsi durur. Beləliklə, beyin mərkəzləri təhsil sisteminin elmi şəkildə modernləşdirilməsində daim iştirak edə biləcək, əvəzində isə müasir elmin inkişafının tələbləri üzrə hazırlanmış kadrlar qazanacaqlar.

"Beyin mərkəzləri diplomatiyası"

Aydındır ki, yeni intellektual məkana doğru addımlarımızı intensivləşdirmək, ekspert qruplarını səfərbər etmək və "Beyin mərkəzləri diplomatiyası"nı həyata keçirməyə başlamaq artıq zərurətdir. Beləliklə, yaxın perspektivdə müxtəlif ölkələrin ekspert birlikləri müasir təhlükəsizlik arxitekturası, yeni regional qayda məsələlərinin birgə müzakirələrini intensivləşdirmək, yeni kommunikasiya dəhlizlərinin və etnik-siyasi münaqişələrin həlli yollarının gələcəyi barədə təsəvvürləri ifadə etmək, həmçinin aktual geosiyasi və geoiqtisadi layihələrin ümumən reallaşdırılması imkanlarını müəyyən edəcəklər.

Bu cür təkliflər bu yaxınlarda Moskvada keçirilmiş "Cənubi Qafqazın sosial-iqtisadi inkişafı: problemlər və perspektivlər" mövzusunda konfransda artıq səslənmişdir. Rusiya və Azərbaycan politoloqları ümdə problemləri müzakirə etmək və aktual tədqiqatlara başlamaq məqsədi ilə ekspert məkanlarının birləşməsinə tərəfdar olduqlarını bildirmişlər.

Lakin "Beyin mərkəzləri diplomatiyası" dedikdə nə nəzərdə tutulur?

Bu gün tədqiqat və təhlil mərkəzlərinin yeri dövlət siyasətinin formalaşmasında onların aparıcı rolu ilə müəyyən edilmişdir. Bunu nəzərə alaraq XXI əsr diplomatiyasının - "Beyin mərkəzləri diplomatiyası"nın tərkib hissəsinin üç əsas aspektini qeyd etmək lazımdır.

Əvvələn, Azərbaycanın nəinki regional, həm də qlobal aspektdə güclənməkdə olan iqtisadi və siyasi çəkisini nəzərə almaqla müasir dövrün bir sıra aktual məsələləri barədə milli mövqeyi müxtəlif ölkələrin elmi dairələrinə düzgün və əsaslandırılmış şəkildə çatdırmaq vacibdir.

İkincisi, ekspertlərin, analitiklərin, o cümlədən müxtəlif ölkələrin politoloq, iqtisadçı və sosioloqların ümumi və müştərək təşəbbüsləri vasitəsilə regional problemlərin daha yaxşı dərk edilməsinə nail olmaq və qlobal miqyaslı əsas təhdidləri aşkar etmək mümkündür. Elmi və intellektual mübadilə tədricən Azərbaycanın simasına çevrilməkdədir. Azərbaycanın başqaları ilə bölüşməyə və onlara nümayiş etdirməyə layiq dəyərləri və nailiyyətləri çoxdur. Azərbaycan öz fəaliyyətini bu çərçivədə daha da gücləndirəcəkdir.

Üçüncüsü, ekspert birliyinin və intellektualların açıq diskussiyalarının sayəsində hər bir ölkənin modernləşməsi hakimiyyət-cəmiyyət qarşılıqlı münasibətlərinin yeni səviyyəsinə keçir. Bu gün dövlət hadisələri öyrənmək və konstatasiya etməklə deyil, onları təhlil etmək və proqnozlaşdırmaqla məşğul olan ekspert birliyinin mövcud olmasında maraqlıdır. İntellektin genişliyi və fikrin gücü hadisələri öncədən görmək qabiliyyətində və onları modelləşdirmək imkanındadır.

Dəyişikliklər dövrü

Biz geosiyasətin xeyli dərəcədə geoiqtisadiyyat olduğu kardinal dəyişikliklər dövründə yaşayırıq. Bu, bizim geosiyasi dəyişikliklərə və tektonik sürüşmələrə daim hazır olmağımızı tələb edir. Bu halda "Biliklərə əsaslanan cəmiyyət"in bünövrəsini formalaşdıran intellekt qlobal siyasətin mühüm aspektidir. Bu gün biz belə bir cəmiyyətin bünövrəsini yaratmaqla perspektivdə davamlı inkişafı və səmərəli dövlətçiliyi təmin edirik.

Hadisələrin istənilən, hətta müsbət gedişatında da unutmaq olmaz ki, tarix təkrarlanır, lakin siyasətin məqsədi və ruhu dəyişmir. Məqsədlərə nail olmağın vasitələri təkmilləşdirilir, strateji planlar daha mürəkkəb xarakter kəsb edir. Buna görə də Ziqmund Freydin nə vaxtsa dediyi bir fikirlə razılaşmamaq çətindir: "Müasir sivilizasiyanın əsl yaradıcısı onunla razılaşmayan insana daş atmaq əvəzinə söyüş yağdıran ilk insan olmuşdur". XXI əsr daş atmaq əvəzinə sülh və sabitliyi bərqərar etməyə qabil olan sanballı dəlillər gətirmək imkanlarını genişləndirir.

Xəbər lenti

Xəbər lenti