...

Azərbaycanda iki şəhərin inzibati ərazisində dəyişikliklər ediləcək

Siyasət Materials 11 İyun 2010 12:55 (UTC +04:00)
Azərbaycan Parlamentinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb.
Azərbaycanda iki şəhərin inzibati ərazisində dəyişikliklər ediləcək

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, iclasda Qax və Zaqatala rayonlarının inzibati ərazi bölgülərində qismən dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Layihələrdə qeyd olunur ki, Qax şəhər inzibati ərazi dairəsi tərkibindəki Əmircan kənd ərazisindən  xüsusi mülkiyyətdə olan 172,71 ha, Qum kənd ərazisindən 39,7 ha, İngiloy kənd ərazisindən 253,4 ha və Qaxbaş kənd ərazisindəki 31,07 ha torpaq sahələri Qax şəhərinin inzibati ərazisinə verilir.

Zaqatala şəhəri inzibati ərazi dairəsi tərkibindəki Aşagı Tala, Car, Zilban, Çörəkoba, Göyəm, Kebeloba, Yuxarı Tala kəndləri ərazilərindən müəyyən hissə  Zaqatala şəhərinin inzibati ərazisinə verilir.

Həmçinin, Qazangül qəsəbəsinin Zaqatala şəhərinin inzibati ərazisinə birləşdirilməsi və həmin qəsəbənin Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət Reyestrindən çıxarılması nəzərdə tutulur.

İclasda məlumat verildi ki, Qax rayonu ərazisi 717,79, Zaqatala rayonu isə 368,67 ha təşkil edir.

Qax və Zaqatala şəhərlərinin ərazisinə daxil edilməsi təklif olunan ərazilər, faktiki olaraq, həmin şəhərlərin ərazisindədir. Bu qanunla həmin torpaqlar Qax və Zaqatala şəhərlərinin ərazisi kimi rəsmiləşdiriləcək.

Dəyişikliyə müvafiq olaraq, həmin ərazidə məskunlaşan əhali kənd əhalisi statusundan şəhər əhalisi statusuna keçəcək. Dəyişiklik torpaqların statusunu dəyişməyəcək.

Hər iki qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti