...

Azərbaycanın müxalif "Müsavat" və Xalq Cəbhəsi partiyaları 69 dairədən vahid namizəd irəli sürülməsi haqqında razılıq əldə ediblər

Siyasət Materials 17 Avqust 2010 16:21 (UTC +04:00)
Azərbaycanın müxalif "Müsavat" və Xalq Cəbhəsi partiyaları 69 dairədən vahid namizəd irəli sürülməsi haqda razılıq əldə ediblər.
Azərbaycanın müxalif "Müsavat" və Xalq Cəbhəsi partiyaları 69 dairədən vahid namizəd irəli sürülməsi haqqında razılıq əldə ediblər

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif "Müsavat" və Xalq Cəbhəsi partiyaları 69 dairədən vahid namizəd irəli sürülməsi haqda razılıq əldə ediblər. "Müsavat" partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacılının çərşənbə axşamı Trend-ə verdiyi məlumata görə, bu barədə qərar hər iki partiya rəhbərlərinin bu gün keçirilən görüşündə qəbul olunub.

"Görüş zamanı dairələrin razılaşdırılması istiqamətində müzakirələr aparıldı. Daha 6 dairədə razılıq əldə olundu və faktik olaraq razılaşdırılmış dairələrin sayı 69-a çatdırıldı. Eyni zamanda, bu müzakirələrin intensivliyini artırmaq qərara alındı. Yaxın günlərdə bir sıra dairələrdə də razılıq əldə oluna bilər", - Hacılı əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə "Müsavat" başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib. Hazırda partiyaların birgə seçki bloku yaratması istiqamətində danışıqlar gedir. Artıq 63 seçki dairəsi üzrə vahid namizədin irəli sürülməsi ilə bağlı razılıq əldə edilib. Seçki prosesi başlayana qədər razılaşdırılmış dairələrin sayının 80-ə çatacağı gözlənilir.

Hacılının sözlərinə görə, partiyaların Bakı və Sumqayıt şəhərləri üzrə razılıq əldə olunmayan dairələr üzrə də müəyyən razılıq əldə edilib.

"Bakı şəhəri üzrə bəzi dairələrdə vəziyyətin aydınlaşdırılması isiqamətində məsləhətləşmələr aparıldı. Bəzi dairələrdən razılıq əldə olundu, yenə də Bakı və Sumqayıt dairələrində namizədlərin razılaşdırılması məsələsi əsas həll olunması tələb olunan problem kimi qalmaqdadır. Belə bir razılıq əldə olunub ki, bütün dairələr üzrə razılıq əldə olunmamış hər hansı bir dairədən razılığın əldə edilməsinin heç bir hüquqi əsası yoxdur. Ona görə biz bu barədə məlumat verməməyə üstünlük veririk", - Hacılı deyib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

"Müsavat" funksioneri görüşdə müzakirə olunan digər məsələlərdən də danışıb.

"Kütləvi aksiyaların davam etdirilməsi və əməkdaşlığın daha səmərəli yollarının tapılması istiqamətində müzakirələr aparıldı. Kütləvi aksiyaların keçirilməsi barədə qərar gələn həftə qəbul olunacaq. Görüşlərin intensivliyinin artırılması haqqında da qərar qəbul olundu. Bu həftə də müəyyən görüşlər keçirilə bilər", - Hacılı bildirib.

Xəbər lenti

Xəbər lenti