Gürcüstan, Tbilisi, 30 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
NATO-nun Baş katibi Anders foq Rasmussen sentyabrın 30-da Gürcüstana rəsmi səfər edəcək. Gürcüstan Prezident Administrasiyasından Trend-ə verilən məlumata görə, Tbilisi hava limanında NATO Baş katibinin təyyarəsi Tbilisi vaxtı ilə 23:00-da yerə enəcək.
Hava limanında onu Baş nazirin birinci müavini, Gürcüstanın avrointeqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze qarşılayacaqlar. Rəsmi görüşlər oktyabrın 1-də keçiriləcək.
Səfər zamanı onun Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Parlamentin sədri David Bakradze, Baş nazir Niko Giluari, xarici işlər naziri Qriqol Vaşadze ilə görüşü keçiriləcək.
Anders foq Rasmussen Tbilisidə NATO-nun əlaqə ofisinin açılışında iştirak edəcək.
Xarici işlər nazirinin müavini Nino Kalandadzenin bəyan etdiyi kimi, səfər çərçivəsində Anders foq Rasmussen Gürcüstan tərəfi ilə NATO-Gürcüstan komissiyasının iclasında qoyulan bütün məsələləri müzakirə edəcək.