...

Azərbaycanda ilk dəfə səs verəcək gənclər üçün maarifləndirici tədbirlər keçirilib

Siyasət Materials 6 Noyabr 2010 11:18 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi seçkilərdə gənclərin fəal iştirakını təmin etmək məqsədilə ayrıca fəaliyyət planı hazırlayıb.
Azərbaycanda ilk dəfə səs verəcək gənclər üçün maarifləndirici tədbirlər keçirilib

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Gənclər və İdman Nazirliyi seçkilərdə gənclərin fəal iştirakını təmin etmək məqsədilə ayrıca fəaliyyət planı hazırlayıb. Nazirliyin mətbuat xidmətinin şənbə günü yaydığı məlumatına görə, həmin fəaliyyət planı "Gənclər gələcəyə səs verir" devizi altında həyata keçirilib.

Sentyabr və noyabr aylarında 60-dan çox rayon və şəhərlərdə gənclər üçün məlumat xarakterli seminarlar təşkil edilib, gənclərə seçki hüququ, seçki günü səsvermə proseduru, seçici siyahılarında adın dəqiqləşdirilməsi, namizədliyi qeydə alınmış şəxslər haqqında məlumatların öyrənilməsi, onların platformaları ilə tanışlıq mövzuları haqqında məlumatlar verilib. Seminarlarda gənclər və idman nazirinin müavini İntiqam Babayev və nazirliyin bir sıra məsul əməkdaşları, Dairə Seçki Komissiyalarının nümayəndələri, gənclər təşkilatlarının nümayəndələri, ictimai fəal gənclər və ziyalılar iştirak ediblər.

Fəaliyyət planına uyğun olaraq Gənclər və İdman Nazirliyinin nəşr etdiyi "Milli Məclis - Qanunverici Orqan" adlı yaddaş kitabçası nəşr olunaraq gənclərə paylanılıb. Kitabçada Milli Məclisə seçkilərin tarixi, Heydər Əliyev və Azərbaycan Parlamenti, Milli Məclisə seçkilərin keçirilməsinin qanunvericilik əsasları və digər məlumatlar öz əksini tapıb.

Bundan başqa, "Səsinə qüvvət" və "Səsin gəlsin" adlı qolbaqlar hazırlanıb və ilk dəfə səs verəcək 100 min gənc arasında paylanıb.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti