Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/
Bakıda yanvarın sonu - fevralın əvvəllərində Xəzəryanı ölkələrin işçi qrupunun görüşü olacaq. Bunu bazar günü Trend-ə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
"İşçi qrupları tərəfindən iki məsələ - nərə balıqlarının ovlanmasına qadağa qoyulmasının mexanizminin işlənib hazırlanması və milli və suveren zonaların 24-25 mil həddində razılaşdırılması ilə bağlı danışıqlar aparılır. İşçi qruplarının Bakı görüşündə də bu məsələlər müzakirə ediləcək", - Xələfov deyib.
Nazir müavini, həmçinin bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Rusiyada keçiriləcək.
"Rusiya sammitin tarixini müəyyənləşdirəcək və Xəzəryanı ölkələrlə razılaşdıracaq", - Xələfov bildirib.
Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçirilib.
Xəzəryanı dövlətlər (Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan və İran) 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.
1998-ci ilin iyulunda Qazaxıstan ilə Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.
Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.