...

Azərbaycan gəncləri Avropa Parlamentinin deputatlarına etiraz məktubu göndəriblər

Siyasət Materials 22 Dekabr 2010 14:49 (UTC +04:00)
Azərbaycan gəncləri Avropa Parlamentinin deputatlarına etiraz məktubu göndəriblər.
Azərbaycan gəncləri Avropa Parlamentinin deputatlarına etiraz məktubu göndəriblər

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan gəncləri Avropa Parlamentinin deputatlarına etiraz məktubu göndəriblər.

"İRƏLİ" İctimai Birliyi Azərbaycan gəncləri adından Avropa Parlamentinin deputatı Tomas Porebanın işğal olunmuş Azərbaycan torpaqlarına səfərinə etiraz əlaməti olaraq Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın və Avropa Parlamentinin digər nümayəndələrinin şəxsi elektron poçtlarına etiraz məktubları göndəriblər. Bu barədə Trend-ə çərşənbə günü Birliyin mətbuat xidməti məlumat verib.

"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən həyata keçirilən elektron aksiyada 30-a yaxın gənc iştirak edib. Daha sonra facebook sosial şəbəkəsində və "İRƏLİ"nin rəsmi veb səhifəsində gəncləri bu aksiyaya qoşulmağa səsləyiblər.

Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsi ilə əlaqədar dekabrın 21-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia və Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Xarici İşlər Nazirliyinə dəvət olunublar, məsələ ilə bağlı Azərbaycan tərəfinin etiraz notası qarşı tərəfə təqdim edilib.

Baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və Tomas Porebanın respublikanın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi bildirilib.

Avropa İttifaqı institutları, eyni zamanda Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilib.

Avropa Parlamentinin deputatı Tomas Porebanın Dağlıq Qarabağın işğal edilmiş ərazilərinə səfəri qeyri-rəsmi xarakter daşıyır və Aİ-nin qanunvericiklik orqanı bunun üçün məsuliyyət daşımır. Bu barədə çərşənbə günü Trend-ə AP-dəki diplomatik mənbə məlumat verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti