...

Azərbaycan Prezidenti "Səs" qəzetinin kollektivini təbrik edib

Siyasət Materials 18 Yanvar 2011 19:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Səs" qəzetinin kollektivini fəaliyyətə başlamağının 20 illik yubileyi münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti "Səs" qəzetinin kollektivini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev "Səs" qəzetinin kollektivini fəaliyyətə başlamağının 20 illik yubileyi münasibətilə təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycanın ilk müstəqil mətbuat orqanlarından olan "Səs" qəzetinin kollektivini fəaliyyətə başlamağınızın 20 illik yubileyi münasibətilə təbrik edirəm. İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi mürəkkəb dövrdə, 1991-ci ilin yanvarında işıq üzü görmüş "Səs" qəzeti qısa zamanda əsl müstəqil və demokratik mətbuat nümunəsinə çevrilmişdir. Cəmiyyətdə siyasi plüralizmə böyük ehtiyac duyulduğu həmin illərdə, qəzet müxtəlif ictimai-siyasi dairələrin, sağlam düşüncəli vətənpərvər ziyalıların tribunasına çevrilmiş, vətəndaşları narahat edən məsələləri, dövrün aktual problemlərini cəsarətlə ictimai müzakirəyə çıxarmış, müxtəlif yönlü təqib və təzyiqlərə baxmayaraq öz mübariz mövqeyindən geri çəkilməmişdir", - təbrikdə deyilir.

Prezident təbrik məktubunda qeyd edib ki, müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və məlumat azadlığı da inkişaf edib, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranıb.

"Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən "Səs" qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş "Səs" qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir", - təbrikdə vurğulanır.

Prezident fəaliyyət göstərdiyi bütün dövrlərdə öz amallarına sadiq qalmış "Səs" qəzetinin kollektivinin bundan sonra da həqiqət carçısı olacağına, ictimai maraqların, milli dövlətçilik mənafelərinin qorunmasında yüksək peşəkarlıq və prinsipiallıq göstərərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirəcəyinə inandığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti