...

Bəzi azərbaycanlılar artıq Yaponiyanı tərk ediblər - səfir

Siyasət Materials 18 Mart 2011 11:34 (UTC +04:00)
Yaponiyadakı vəziyyətlə əlaqədar burada müvəqqəti yaşayan və təhsil alan bəzi Azərbaycan vətəndaşları artıq bu ölkəni tərk ediblər və Vətənə qayıdıblar.
Bəzi azərbaycanlılar artıq Yaponiyanı tərk ediblər - səfir

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir S.Ağayeva/

Yaponiyadakı vəziyyətlə əlaqədar burada müvəqqəti yaşayan və təhsil alan bəzi Azərbaycan vətəndaşları artıq bu ölkəni tərk ediblər və Vətənə qayıdıblar. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn məlumat verib.

O bildirib ki, səfirlik onlara lazımi köməyi göstərib.

Azərbaycanın diplomatik missiyası artıq Yaponiyada təhsil alan azərbaycanlı tələbələrə müraciət edib və onlara qayıtmaları üçün lazımi yardımı göstərməyə hazır olduğunu bildirib.

Səfirin sözlərinə görə, Yaponiyada müvəqqəti yaşayan və təhsil alan azərbaycanlıların sayı 50-dən çox deyil. Onlardan 30-a yaxını Tokioda, qalanları isə ölkənin digər şəhərlərində yaşayır.

Diplomatın sözlərinə görə, Azərbaycan vətəndaşlarından heç biri zəlzələdən zərər çəkməyib.

Yaponiyada dağıdıcı zəlzələ və onun ardından baş vermiş sunami nəticəsində həlak olanların sayı, son məlumatlara görə, 6539 nəfərdir. Bu barədə "Kiodo" agentliyi polisə istinadən məlumat verib.

Martın 11-də Yaponiyanın şimal-şərq sahillərində 9,0 bal gücündə dağıcı zəlzələ baş verib. Yeraltı təkanlar hündürlüyü on metrdən çox olan və irimiqyaslı dağıntılara səbəb olan sunami yaradıb.

Zəlzələ nəticəsində Fukuşima prefekturasında fəaliyyət göstərən 2 nüvə elektrik stansiyası - Fukuşima-1 və Fukuşima-2 Atom Elektrik Stansiyalarında nasazlıq əmələ gəlmiş, stansiyaların yaxınlığında radiasiyanın həcmi mümkün normanı 1000 dəfə üstələmiş və Yaponiya rəsmilərinə əsasən, radiasiyanın səviyyəsinin artması müşahidə olunmaqdadır.
Yaponiya rəsmi nümayəndələrinin məlumatında Fukuşima Dai-Çi AES-lərinin 20 km radiusundakı ərazidə yaşayan əhalinin evakuasiya olunması, 20-ci km-lə 30-cu km radiusundakı ərazidə yaşayan əhalinin evlərindən çıxmamaları tövsiyə olunur.

Xəbər lenti

Xəbər lenti