...

Hakimiyyət strukturları öz vəzifələrini icra ediblər - Əli Həsənov

Siyasət Materials 5 Aprel 2011 15:57 (UTC +04:00)
Azərbaycan hökuməti ölkə Konstitusiyasına və qanunlara, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara müvafiq olaraq insan hüquq və azadlıqlarının təmin olunması məsələsində həmişə prinsipial mövqe tutub və üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib.
Hakimiyyət strukturları öz vəzifələrini icra ediblər - Əli Həsənov

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan hökuməti ölkə Konstitusiyasına və qanunlara, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlara müvafiq olaraq insan hüquq və azadlıqlarının təmin olunması məsələsində həmişə prinsipial mövqe tutub və üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirib. Bu barədə çərşənbə axşamı Trend-ə müsahibəsində ATƏT və ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliklərinin İctimai Palatanın aprelin 2-də keçirməyə cəhd göstərdiyi etiraz aksiyası ilə bağlı mövqelərinə münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

İctimai Palatanın aprelin 2-də keçirməyə cəhd göstərdiyi etiraz aksiyasının qarşısının hüquq-mühafizə orqanları tərəfindən alınması əhali tərəfindən müsbət hal kimi qarşılansa da, ATƏT-in və ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəlikləri fərqli münasibətdə olublar.

Həsənov deyib ki, Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq hüququna və ifadə azadlığına da həmişə hörmətlə yanaşılıb, hakimiyyət orqanları bu hüquqların təmin edilməsi üçün zəruri şəraiti yaradırlar.

"Bununla yanaşı qeyd etməliyəm ki, dinc sakinlərin, sıravi vətəndaşların təhlükəsizliyinin, rahatlığının təmin edilməsi, qanunun aliliyinin və hüquq normalarının, ölkədə ictimai asayişin və s. qorunması da dövlətin üzərinə düşən əsas vəzifələrdir. Hakimiyyət orqanları bəzi siyasi təşkilatların ambisiyaları çərçivəsində Bakı şəhərində qarışıqlıq yaranmasına, insanların rahatlığının və dinc yaşam hüququnun pozulmasına, nəqliyyatın hərəkətinin, şəhər həyatının iflic vəziyyətə düşməsinə yol verə bilməz və heç zaman da verməyəcək. Bütün ölkələrdə, o cümlədən ABŞ-da, ATƏT-in üzvü olan digər ölkələrdə olduğu kimi, Azərbaycanda da sanksiyalaşdırılmamış qarşıdurmaya, sabitliyin, ictimai asayişin pozulmasına səbəb ola biləcək istənilən aksiyanın qarşısı alınır, belə cəhdlərdə təkid edən insanlar inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Bütün dünyada olduğu kimi, polislə qarşıdurma yaradan, vətəndaşların mülkiyyətinə ziyan vuran, hüquq-mühafizə orqanları əməkdaşlarının haqlı tələblərinə tabe olmayan insanlar saxlanılır və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar", - PA rəsmisi deyib.

Həsənovun sözlərinə görə, aprelin 2-də müxalifətin keçirməyə cəhd göstərdiyi aksiya həmin ərazidə yaşayan vətəndaşların, orada çalışan sahibkarların, digər şəxslərin kəskin etirazına səbəb olub, daxil olan müraciətlərdə belə halların qarşısının alınması tələb edilir.

"Məhz belə problemlərin yaranmaması üçün Bakı şəhər İcra Hakimiyyəti müraciət müəlliflərinə alternativ yerlər təklif edib, hüquq-mühafizə orqanları isə həmin yerlərdə mitinq iştirakçılarının təhlükəsizliyinə təminat verməyə hazır olduqlarını bildiriblər", - Həsənov deyib.

O ki qaldı, ABŞ-ın və ATƏT-in Azərbaycandakı diplomatik nümayəndəliklərinin münasibətlərinə, Həsənov qeyd edib ki, Azərbaycan xarici dövlətlərdə müxtəlif qüvvələr tərəfindən keçirilən aksiyalara və hökumətə qarşı təşkil olunan tədbirlərə heç vaxt münasibət bildirməyib və hesab edib ki, bu, həmin dövlətlərin daxili işidir.

"Belə halda yaxşı olar ki, xarici nümayəndəliklər öz mandatları çərçivəsində fəaliyyət göstərsinlər və Azərbaycanın daxili işlərinə müdaxilə etməsinlər", - Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti