...

Azərbaycanın müttəfiq siyasi partiyaları arasında fikir ayrılığı yaranıb

Siyasət Materials 2 May 2011 13:00 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyaları arasında fikir ayrılığı yaranıb. Partiyalar mitinq keçirməklə bağlı vahid mövqeyə gələ bilmirlər.
Azərbaycanın müttəfiq siyasi partiyaları arasında fikir ayrılığı yaranıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyaları arasında fikir ayrılığı yaranıb. Partiyalar mitinq keçirməklə bağlı vahid mövqeyə gələ bilmirlər.

AXCP sədrinin müavini Nurəddin Məmmədli bazar ertəsi Trend-ə bildirib ki, Xalq Cəbhəsi mitinqlərin keçirilməsindən əvvəl müəyyən nüansların nəzərə alınmasını vacib hesab edir.

"Partiyamızın Rəyasət Heyətində də aksiyaların mütləq davam etdirilməsi ilə bağlı qərar çıxarılıb. İctimai Palatanın yığıncağında da bu məsələ ilə bağlı Fuad Qəhrəmanlı və mən çıxış etmişik. Qeyd etmişik ki, aksiya mütləq keçirilməlidir. Sadəcə olaraq, fikir ayrılığı aksiyaların vaxtı ilə bağlıdır. Bizim fikrimizcə, müəyyən proseslər var ki, indiki məqamda onları nəzərə almadan aksiyanın vaxtını müəyyənləşdirmək düzgün olmaz", - Məmmədli əlavə edib.

O hesab edir ki, İctimai Palatada mitinq komitəsi olmamalıdır.

"İctimai Palata yaradılarkən qarşısına hökumətə alternativ olmaq kimi bir məqsəd qoyub. İndiki halda İP-nin yalnız mitinqlərlə bağlı qərar verməsi düzgün deyil", - o bildirib.

Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli Trend-ə açıqlamasında bildirib ki, bu məsələni ciddi fikir ayrılığı hesab etmir.

"İctimai Palatada müxtəlif fikirlərin səslənməsi normaldır. İnsanlar toplantılarda öz düşüncələrini ifadə edirlər. Mitinqlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunarkən çoxluq təşkil edən fikir üstünlük qazandı. İctimai Palatada mitinqlərin keçirilməməsi ilə bağlı vahid mövqe yarandı", - o qeyd edib.

İctimai Palatanın aprelin 30-da keçirilən sessiyasında Müsavat Partiyası mayın 15-də mitinq keçirməklə bağlı təklif irəli sürsə də, AXCP-dən olan Palata üzvləri mitinqin keçirilməsinin əleyhinə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti